Bakıda Türk Filmləri Həftəsinin açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan tədbirin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu və bir sıra incəsənət xadimləri iştirak ediblər.
Ə.Qarayev bildirib ki, Azərbaycanda türk filmlərinə olduqca böyük maraq var: “Türk Filmləri Həftəsinin açılışı türk filmlərinə marağı və sevgisi olan insanlara böyük hədiyyədir. Bu cür tədbirlər bizim mədəniyyətlərimizin bir-birinə daha yaxın tanıdılmasında böyük rol oynayır. Festivalların keçirilməsi mədəniyyət dəyərlərinin bir araya gəlməsində böyük əhəmiyyətə malikdir”.
E.Özoral festivalın Bakıda keçirilməsini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Bu festival iki ölkənin kino xadimlərinin bir-birinə daha yaxından tanıdılmasında böyük rol oynayacaq. İnanıram ki, festival insanların böyük marağına səbəb olacaq, tamaşaçılar filmləri maraqla seyr edəcəklər”.
Qeyd edək ki, festival 16-20 noyabr tarixlərini əhatə edəcək.