Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Bu gün Milli Kino Günüdür. Sizcə, ölkəmizdə kino sahəsinin inkişafı üçün nələr lazımdır?
- Kinomuzun inkişafı üçün ilk növbədə həmkarlarımızın həmrəyliyi, bir-birinin problemlərinə biganə qalmaması lazımdır. Biz heç vaxt problemlərimizi təkbaşına həll edə bilməyəcəyik. Bu cəhətdən Azərbaycan Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası kimi təşkilatların güclənməsi vacibdir. Kinematoqrafçılar onların ətrafında birləşməlidirlər. Kinomuzun ümumi problemini bir yerdə həll etməliyik.
Bundan başqa, xalqımızın, sənətimizin qarşısında səmimi olmalıyıq, onlara yalan danışmamlıyıq. Həqiqət necə varsa, elə əks etdirməliyik. Kinomuz həqiqi, realist olmalıdır, pafossuz, şişirdirilməmiş... Tamaşaçıların başının altına balış qoymamalı, əksinə onları ayıq saxlamalı və təhlükələrdən xəbərdar etməliyik.
Peşəkarlar bilməlidirlər ki, ali təhsili 10 il əvvəl bitirsək də daim öz üzərimizdə işləməliyik, kitab əlimizdən düşməməlidir. Yeni filmlərə baxmalıyıq, fikir mübadiləsi aparmalıyıq, həmişə öyrənməyə hazır olmalıyıq. Problemlərimizin sırasında bunlar da var. Bunlara diqqət edilsə, kinomuzun inkişafına kömək olar.
- Kinematoqrafçılar İttifaqının katibi kimi fikirləriniz maraqlıdır. Bilmək istərdik ki, qarşıda planlarınız nələrdən ibarətdir?
- Təşkilat olaraq bizim məqsədimiz hadisələrin arxasınca sürünməmək, əksinə kino sahəsində gedən prosesi arxamızca aparmaqdır. Əsas problemləri həll edirik. Biz analizlərdən gördük ki, kino ədəbiyyatımızın, kino sahəsində dərsliklərin olmaması ən böyük problemlərdəndir. Ona görə yaxın günlərdə Nəriman Əbdürrəhmanlının müəllifi olduğu dörd cildlik "Azərbaycan kino sənəti tarixi" adlı kitab nəşr etdik.
Həsən Seyidbəylinin yüz illik yubileyi münasibəti ilə yaradıcılığına həsr edilən kitab da nəşr etmişik. İldə dörd dəfə kinomuzda gedən prosesləri özündə əks etdirən bülleten nəşr edirik ki, kinematorafçılarımız xəbərdar olsunlar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı kino məktəbi təşkil edib. Orada rejissorluq və ssenaristlik dərsləri verilir. Bununla yanaşı Şəkidə yay məktəbi də təşkil edəcəyik. Bu məktəbdə ssenari sahəsində ilk addımlarını atan tələbələr iştirak edəcəklər. Kino ədəbiyyatının inkişafı, kino təhsilinin dəstəklənməsi vacibdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının Şəkidə Yaradıcılıq Evi var, üzvlərimizin xidmətindədir.
Əsas böyük layihələrimizdən biri isə ilk dəfə yaradılacaq "Bakı XX əsr" Kino Muzeyidir. Kino muzeyində Bakının tarixi kino vasitəsilə işıqlandırılacaq. Bakı şəhərinin tarixini kinonun dili ilə öyrənəcəklər.
- Kinorejissor Ayaz Salayevin "Mənim üzvü olduğum Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı digər ittifaqla birləşsə, mən ordan çıxacam" fikrini necə qarşılayırsınız?
- Kinematqorafçılar İttifaqının ana məqsədləri var. Məqsədimiz odur ki, kinomuzun dünya kinosu konteksində öz yeri olsun. O ailənin üzvü olaq. Fransa, İngiltərə, Türkiyə, İran, Qırğızıstan kinosu deyəndə, Azərbaycan kinosu da deyə bilək.
Bundan başqa güclü kadrların hazırlanması üçün bir yumruq kimi birləşmək lazımdır. Bu gün başımızı aşağı salıb, işimizi görürük. Ayaz Salayevin fikirləri bizə nə mane olur, nə də kömək edir. Öz yolumuzla gedirik...
- Sizcə, Ayaz müəllimin belə fikirlər səsləndirməsində səbəb nədir?
O, həmçinin qeyd edib ki, Rüstəm İbrahimbəyovun sədrlik etdiyi ittifaqda qala bilməz.
- Onun seçimidir. Hadisələri qabaqlayıcı fikridir. Birləşmə necə və hansı formatda olacaq, bunu hələ bilmirik. Bu haqda öncədən demək düz çıxmaz. Birləşmək haqqında ideyalar səsləndirilir, bu işi görmək istəyənlər və tərəfdarları var. Mənə elə gəlir ki, ilkin olaraq işbirliyindən söhbət getməlidir. Məsələn, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan etdi. Qələbədən sonra da qaliblərimizi elan etdik. Yeni İttifaq da müsabiqə elan etdi, öz üzvlərimizi də orda iştiraka çağırırdıq.
Hər iki təşkilat dövlətə aiddir. Müəyyən layihələrdə vəsaitlərimizi birləşdirib, birgə iş görə bilərik. Bizim Rejissorlar Gildiyası ilə əlaqələrimiz daha aktivdir, tez-tez məsləhərləşirik. Amma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə əlaqələrimiz fərdi səviyyədədir.
Bizim kino məktəbimiz, kino muzeyi və Şəkidə Yaradıcılıq evi haqqında layihəmiz var. Orada onlar da iştirak edə bilərlər. Mənə elə gəlir ki, birləşib-birləşməməkdən əvvəl birgə fəaliyyət haqqında düşünmək lazımdır - ümumi maraqlarımız naminə.
- Ayaz müəllimin səsləndirdiyi fikirlərə Rüstəm İbrahimbəyovun reaksiyası necə ola bilər və bu haqda məlumatlıdırmı?
- Rüstəm İbrahimbəyovun uğurlarının səbəbi odur ki, diqqəti ancaq öz işlərində, Azərbaycan kinosunun və cəmiyyətinin inkişafındadır. O, heç vaxt fikrini yayındırmır. Rüstəm müəllimin bu haqda məlumatlı olub-olmamasını bilmirəm. İnanmıram ki, Ayaz müəllimin fikri onun diqqətində olsun.