15 Sentyabr 2021 10:05
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Teleqraf.com-a açıqlamasında muğam sənətinin inkişafından danışıb: "Son 15-20 ildə Azərbaycan muğam sənəti çox böyük inkişafa qədəm qoyub. İstər muğam vokal sənətində, istər vokal instrumental, istərsə də instrumental sahədə çox böyük inkişaf var.

Rəhbəri olduğuma görə demirəm, Azərbaycan Milli Konservatoriyasının yaranması ilə muğam ifaçılığında çox böyük sıçrayış baş verib. Bunu yalnız Azərbaycan musiqi biliciləri yox, bu mədəniyyətdə məlumatı olan digər millətlərin nümayəndələri də qeyd edirlər.

Onu da deyim ki, bu illər ərzində muğam sənəti çox gəncləşib. Bizim gənc muğam ifaçılarımız meydana gəlib. Çox böyük uğur və istedadla da təbliğ edirlər".

Xalq artisti Məmsum İbrahimov deyib ki, muğam sənətinin inkişaf etdirilməsi haqqında təkliflər irəli sürmək fikrindədir:

"Muğam sənəti təkmilləşdirilməlidir. Hesab edirəm ki, bu məsələ müzakirə ediləndə biz də öz təkliflərimizi irəli sürməliyik. Bu qanunun qəbulu çox gözəl bir addım olar. Fikrimcə, muğam ustaları dəvət edilməli və onlar öz təkliflərini bildirməlidirlər.

Hamıya məlumdur ki, muğama dövlətimizin böyük qayğısı var, xüsusilə Heydər Əliyev Fondunun. 2005-ci ildən muğam sahəsində inkişaf başladı, o vaxtdan bəri muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, gənclərə diqqət ayrılır. Bununla yanaşı bir sıra çatışmayan cəhətlərdən də danışmalıyıq.

Muğam musiqimizin köküdür. Amma muğam sənətinə zaman-zaman yanaşma fərqli olub. 1980-ci illərin sonu 1990-cı illərin əvvələrində demək olar ki, muğama diqqət yox idi.

Muğam sənəti elə bir sahədir ki, hər zaman diqqət, qayğı istəyir. Gənc ifaçılar Mədəniyyət və İncəsənət Universitetini, Azərbaycan Milli Konservatoriyasını bitirirlər, iş yeri tapa bilmirlər. Ona görə də düşünürəm ki, problemlər müzakirə edilməlidir. Gənclərin üzə çıxması televiziyaların üzərinə düşür. Biz onlara təkliflər göndəririk. Bu günə qədər mənim təklifimlə muğam müsabiqəsinin 20 qalibini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə götürüblər. Orada demək olar ki, baş rollarda oynayırlar.

Eyni zamanda Azərbaycan Dövlət Televiziyası bu gün 50-dən çox müsabiqə uşaqlarını işə götürüb. Onları təmin edir, maaş verir. Onların konsertlərini işıqlandırır, amma bu fikirləri bütün kanallar üçün deyə bilmirəm.

Son günlər görürəm ki, xanəndəlik fakültəsini bitirən tələbələr ayaqüstə ansambllarda oxuyurlar. Tar, kamança ilə yox, sintizatorda ifa edirlər. Mən etiraz edirəm, onlar da deyirlər ki, harada oxuyaq? Təbii ki, bu kimi hallar müzakirə edilməlidir. Xalqımıza və tamaşçılarımıza demək istəyirəm ki, bu musiqi növü bizim hamızındır. Dədə-babalarımızdan bizə miras qalıb. Hər birimiz muğam sənətinə sahib çıxmalıyıq".




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər