9 Fevral 2022 09:14
27 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qriboyedov həm də ədəbsiz bir şəxs idi, diplomatik qaydalara əməl etməyi bacarırdı, amma bunu yalnız öz hökuməti ilə davranışda edirdi. Fətəli şah Qacarla, eləcə də yüksək İran məmurları ilə davranışda isə böyük tərbiyəsizliklərə yol verir, dövrün etik qaydalarını, saray protokolunu məqsədli şəkildə pozurdu. O, rus çarının naziri kimi şahla hədə dili ilə danışmış, açıq sözlə “siz məğlubsunuz, mən qalibəm, ona görə də dediklərimi etməlisiniz” kimi səviyyəsiz ifadələr işlətmişdi. Qriboyedovun bu davranışları, eləcə də özünün xidmətində olan, Tiflisdən yığıb gətirdiyi erməni-gürcü əsgərlərinin Tehran bazarındakı pozğun davranışları sonda onun iqamətgahının xalq tərəfindən darmadağın edilməsinə və özünün də atın quyruğuna bağlanıb Tehran küçələrində tikə-parça olmasına səbəb oldu”.

Tarixçi, yazıçı-publisist Mehriban Vəzirin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycanın parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin imzalanmasından 194 il ötür. Niyə bu müqavilə ilə tərəflər – qacarlar və ruslar sakitləşdilər, yəni bununla əsas hədəflərə nail olundumu?

- Rusiya hədəfə artıqlaması ilə, hətta güman etdiyindən də artıq nail oldu. Qacar dövləti Qafqaz uğrunda müharibənin bu son mərhələsini də rus imperiyasına uduzmuş oldu. Bildiyiniz kimi, İran və Rusiya arasında 1813-cü ildə bağlanan Gülüstan müqaviləsi ilə Cənubi Qafqazın əsas torpaqlarının - Naxçıvan, İrəvan, Lənkəran istisna - rus imperiyası tərəfindən işğal edilməsi rəsmiləşdirildi. Lakin nə Qacarlar səltənəti, nə də yerli əhali bu işğalla barışdı, İrəvan və Naxçıvan isə hərbi müqavimət göstərirdi. İrəvan qalası önündə rus qoşunları dəfələrlə darmadağın edilmişdi. Abbas Mirzə həm vəliəhd, həm Azərbaycan valisi olaraq bu milli müqavimətin önündə dururdu.

Türkmənçay müqaviləsi isə məcburi və çox ağır şərtləri olan bir anlaşmaydı. Tarix boyu Türkmənçay müqaviləsi qədər insafsız və vicdansız bir anlaşmaya az-az rast gəlinər. Bunun bir səbəbi də həmin dövrdə rus canişini general Paskeviçin prosesə rəhbərlik etməsi oldu. Qriboyedov Paskeviçin cavan arvadının qohumu, bəzi rus mənbələrinə görə həm də ilk məhəbbəti və sevgilisi idi. General Paskeviç dekabristlərlə birgə olan, yəni rus çarına qarşı üsyan qaldıranların arasında olan Qriboyedovu həbsdən, eləcə də dar ağacından xilas edib yanına almış, sonralar isə Türkmənçay müqaviləsini hazırlamağı ona həvalə etmişdi. Böyük nüfuz sahibi olan generalın təkidli məktubları ilə Qriboyedov çarın İrandakı naziri və səlahiyyətli səfiri oldu.

Qriboyedov amansız bir türk düşməni idi, bütün ətrafını ermənilərlə, gürcülərlə çevrələmişdi, müflisləşmiş gürcü knyazı ailəsindən olan gənc knyajna ilə evlənmişdi. Bu istedadlı dramaturqun - bilirsiniz o “Ağıldan bəla” komedik dramı ilə rus ədəbiyyat tarixində önəmli yer tutur- Türkmənçay müqaviləsini hazırlayarkən göstərdiyi amansızlıq, eləcə də hesabagəlməz vicdansızlıq rus çarını belə heyrətə salmışdı. Bu gün də bu müqavilə Qriboyedovun vicdansız xarakterini, türk düşmənliyini, şöhrətpərəstlik komplekslərini, adekvat olmayan psixologiyasını açmaqdadır. Qacar dövlətindən elə bir xərac tələb etmiş və Tehranı tutacağı ilə hədələyib elə bir bac almışdı ki, hökumət xəzinəsini boşaltmaqla yanaşı, İran qadınlarının boyun-boğazlarını, qızıl-zinətlərini belə soymuşdu. Əhali evlərinin qiymətli əşyalarını, gümüş qablarını, xalı-xalçalarını, ipək parçalarını belə verməli olmuşdu. O tarixdən bu günə kimi “Vay, vay, Türmənçay” deyimi dillərə düşmüş və anlaşmada, müqavilədə, ticarətdə ədalətsizliyin rəmzi olaraq hələ də yaddaşlarda qalmaqdadır.

Qriboyedov həm də ədəbsiz bir şəxs idi, diplomatik qaydalara əməl etməyi bacarırdı, amma bunu yalnız öz hökuməti ilə davranışda edirdi. Fətəli şah Qacarla, eləcə də yüksək İran məmurları ilə davranışda isə böyük tərbiyəsizliklərə yol verir, dövrün etik qaydalarını, saray protokolunu məqsədli şəkildə pozurdu. O, rus çarının naziri kimi şahla hədə dili ilə danışmış, açıq sözlə “siz məğlubsunuz, mən qalibəm, o üzdən dediklərimi etməlisiniz” kimi səviyyəsiz ifadələr işlətmişdi. Qriboyedovun bu davranışları, eləcə də özünün xidmətində olan, Tiflisdən yığıb gətirdiyi erməni-gürcü əsgərlərinin Tehran bazarındakı pozğun davranışları sonda onun iqamətgahının xalq tərəfindən darmadağın edilməsinə və özünün də atın quyruğuna bağlanıb Tehran küçələrində tikə-parça olmasına səbəb oldu. Türkmənçay müqaviləsi ilə ruslar və qacarlar arasında olan barışıq belə bir faciə ilə qurtardı.

Fətəli şaha isə ruslarla barışıq lazım idi. Digər cəbhələrdə savaş aparan rusların da cənub sərhədlərində barışa ehtiyacı vardı. Bu səbəbdən Fətəli şah təcili olaraq elçisini Rusiyaya yolladı və Qriboyedovun qan pulunu xəzinəsinin ən qiymətli daşını – Şah Almazı göndərməklə ödədi. Rus çarı da məmnun oldu. 88 karat olan Şah Almaz dünyanın ən qiymətli brilyantlarından biri idi. Qriboyedov isə çar üçün keçmiş dekabrist idi. Onu da deyim ki, Qriboyedovun qan pulu kimi ödənən bu qiymətli daşı Nadir şah Hindistan yürüşündən gətirmişdi. Yəni rusların və türklərin sakitləşməsi elə də asan başa gəlmədi: Azərbaycan torpaqları parçalandı, ruslar 22 il müqavimət göstərən İrəvanı, Naxçıvanı, Lənkəranı da işğal etdilər, öz sərhədlərini Arazın quzeyinə çəkdilər, İranı müflis etdilər və bu müqavilə ilə də hayları Arazın bu tayına köçürdülər. Köçmək istəməyən zəngin ermənilərə qarşı ruslar terror etdilər, hətta rus casusu olan erməni keşişi hər bir köçən erməniyə cənnətə gedəcəyi haqda yazılı sənəd verdi.

Türkmənçay müqaviləsinin fəsadları bu günə kimi davam edir. Türkmənçay müqaviləsinin ən böyük fəsadları tarixi torpaqlarımızda rusların Ermənistan adlı saxta dövlət yaratmasıdır. Zəngəzurun və Qarabağın bugünkü halıdır. Türkiyənin Türküstandan ayrı salınmasıdır və bugünkü Qarabağ müsibətidir. O taylı, bu taylı xalqımızın əhvalından da bəllidir ki bu ədalətsizliklə qətiyyən barışmır və sakitləşmir. Azərbaycan xalqı və türk dünyası bu ədalətsizliyi qəbul etmir.

- Bəs Qacar-Rusiya düşmənçiliyi haradan başladı: bu, Azərbaycan uğrunda savaşdan irəli gəlirdi?

- Söhbət sadəcə Azərbaycan uğrunda savaşdan getmir. Tarixən Qafqaz bütün halı ilə, kiçik gürcü knyazlıqları ilə birgə (təbii ki, heç bir tarixdə indiki Ermənistanın sələfi olacaq bir quruluş olmayıb) İran dövlətinə bağlı olub. İran dövləti isə öz keçmişi və kültürü, siyasi ənənsi ilə türk dövlətidir. Bu dövləti bizim səfəvilər, avşarlar, qacarlar – bir sözlə tarix boyu türklər qurub və idarə edib. Nadir şahın qətlindən sonra meydanı boş görən Rusiyanın ürəklənib öz ərazilərini genişləndirmək iddiasına düşməsi, Qafqaz dağlarını aşması, Qafqazı addım-addım işğal etməyə başlaması, ilk düşərgəsini Tiflisdə qurması ilə bu qarşıdurmanın əsası qoyulub. Yəni 1700-cü ilin son rübündən.

- Rusiyanı anladıq, bəs Qacar İmperiyası Azərbaycana düşmən idimi?

- Bu doğru yanaşma deyil. Səfəvilər üçün də, Nadir şah üçün də, Qacarlar üçün də Azərbaycan İran - türk dövlətinin bir əyaləti – bəylərbəyliyi idi. Lakin Nadirin qətlindən sonra İranda mərkəzləşmiş dövlət süqut etdi. Bu tarixi fürsətdə qanunauyğunluq olaraq mərkəzdənqaçmalar baş verdi. Qafqaz xanlıqları yarandı və get-gedə, yenə tarixi şəraitə uyğun olaraq bu xanlıqların siyasi meylləri ortaya çıxdı. Xanlıqlar müstəqillik istəyirdilər. İran isə onları geri, əvvəlki yerlərinə çəkmək istəyirdi. Bu çəkişmədə qardaş qanı tökülürdü ki, bütün dövlətlərin tarixi bu kimi mərhələlərlə zəngindir.

Məsələn, Gəncə Xanlığını Ziyadoğlu - Qacarlar idarə edirdilər, yəni İran şah sülaləsinin qohum-əqrəbası. Onlar Tehranla dilbir idilər. Lakin Qarabağ xanlığı Tehranın diktəsi ilə davam etmək istəmirdi. Ümumiyyətlə, mənim nəzərimə görə, Qarabağ Xanlığının siyasi amalı çağdaş Azərbaycanın siyasi amalı ilə üst-üstə düşür: Azərbaycan nə Moskva, nə də Tehran tərəfindən idarə olunmaq istəyir, müstəqillik istəyir.

- Türmənçay müqasviləsinə imza atan Fətəli şahın oğlu Abbas Mirzə Azərbaycan üçün müsbət, yoxsa mənfi qəhrəmandır? Onun Azərbaycanı birləşdirmək üçün fəaliyyəti olmuşdumu?

- Abbas Mirzə birmənalı olan xalqımızın qəhrəmanıdır və müsbət, fədakar, istedadlı, islahatçı qəhrəmandır. O, ruslara qarşı həm sarayda, həm sahədə 25 il mübarizə apardı. Qacar sarayı rus və ingilis casusları ilə dolu idi. Bu casuslar şaha təsiri olan yüksək saray məmurlarıydı. Abbas Mirzənin mübarizəsinin ən çəkilməz tərəfi onun islahatları ilə düşmənçilik edən, vəliəhdliyini həzm edə bilməyən yüksək əyanlarla idi. Sahədəki fədakarlığı da öz yerindəydi. Abbas Mirzə Azərbaycan torpaqlarının kafir tapdağı olması ilə barışmaz idi. Lakin o dövrdə rus hərbi texnikası İran hərbi texnikasından çox üstün idi, düşmən güclüydü, əsgəri çox idi, ruslar hərbdə dövrün son texnologiyasından istifadə edirdi. İran isə hələ “dayandoldurum mərhələsi”ndəydi. Beləliklə, İran hərbi qüdrətcə rəqibindən zəif idi, digər tərəfdən də, dost görünənlər vəfasız idi.

Abbas Mirzə bütün qəhrəmanların yaşadığı müsibətləri yaşadı. O ki qaldı Azərbaycanı birləşdirmək söhbətinə, bəli Abbas Mirzə Arazın o tayı ilə bu tayını birləşdirib İrana qatmaq istəyirdi. Səfəvilərin, Nadirin vaxtında olduğu kimi. Təkrar edirəm, İran bir türk dövlətidir, İranı tarixən türklər idarə edib və yalnız türklərin idarəsində bu torpaqlar bir arada olub. Bir də o zamana indiki siyasi anlayışlarımızla baxmaq yanlışdır.

- Abbas Mirzədən əvvəl İbrahimxəlil xanın da Azərbaycanı birləşdirmək uğrunda səyləri olmuşdu. Bəs o, Rusiya ilə bu yöndə nə kimi danışıqlar aparmışdı, bunun qarşılığında hansı cavabı almışdı?

- İbrahim xan Cavanşir ruslar tərəfindən 1906-cı ildə qətlə yetirilmişdi. Bəzi mənbələrə görə tikə-tikə doğranmışdı. Bu, xüsusi araşdırılmamış, tarix elmimizin üzərindən susqunluqla keçdiyi, bu gün də üstündə Kreml tabusu olan ağır bir mövzudur. Öyrənilməsinə və təbliğ edilməsinə ehtiyac var. Bu barədə qısaca onu deyim ki, Sarıcalı İbrahim xan Cavanşir böyük dövlət adamıdır. Bütün ailəsi ilə birgə şəhiddir. Cavanşir ailəsinin qətli hərbi cinayətdir ki, hələ də bu cinayətin üstü açılmayıb.

İbrahim xan hakimiyyətinin güclü dövründə Təbrizin, Qaradağın hakimlərini təyin edirdi. Təbriz ətrafındakı Aslandüz qalasında qoşun saxlayırdı. Əli yetdiyi qədər ətraf əraziləri təsiri altına çəkir, hakimiyyətini genişləndirmək istəyirdi. Fətəli şahın qaynatası idi və ona böyük ehtiramı vardı. Rusların Qafqazı işğalı o tarixi düzəni yerlə yeksan etdi. Azərbaycanı birləşdirmək ideyası isə XX əsrin milli-ideoloji məhsuludur.

- Mürəkkəb bir situasiya yaranmışdı: bir tərəfdən Qacarlar, bir tərəfdən də rus imperiyası gözünü Qarabağa dikmişdi. Bu mürəkkəb tənlikdə Qarabağdakı məlikliklər hansı mövqeyi tutmuşdular?

- Onlar birmənalı olaraq düşmən səngərində idilər, ruslara casusluq edir, onun sıralarında döyüşürdülər. Çünkü ruslar güclüydü. Ruslar ermənilərə hakimiyyət və torpaq vəd etmişdilər. Ermənilərin milli mövqeyi yoxdur, hazırkı ideyaları da bir işğal aləti olaraq ruslar, fransızlar, ingilislər tərəfindən işlənib beyinlərinə yeridilib. Sabah biz güclü olsaq, bizə sığınacaqlar. Bu, bir dəfə 1918-ci ildə, Qafqaz-İslam ordusu Şuşaya girəndə baş verib.

- Bəs Qarabağ xanı bu məlikliklərin statusunu tanımışdımı?

- Əlbəttə, tabe olanları tanıyır və yuxarı başa çəkirdi. Bir də məlikliklərin nə status vardı ki? Məlik nə deməkdir? Yəni “sərdar”, “yüzbaşı”. Öz icmasına rəhbərlik edən ağa, tayfa başçısı. O vaxt məlikliklər qəbul edilməyəcək bir gücdə və iddiada deyildilər axı. Pənah xan Nadirin qətlindən sonra Qarabağda xanlıq qurmuş və bütün yerli icmaları himayəsinə almışdı. Nə deyib şıltaqlıq edəcəkdilər, az idilər, gücsüz idilər, daldalanmağa kölgə gəzir, Pənah xana, İbrahim xana sığınmaq üçün dəri-qabıqdan çıxırdılar.

Rusların öncə kəşfiyyatçı gəlişi, yerli durumu öyrənməsi, sonra onlara ideya, para və silah verməsi ilə ayaqlandılar. Ruslar bu torpaqlarda rıçaq - əllərini ilişdirməyə yer axtarırdılar. Ərazi isə əsasən türk əhalidən ibarət idi və kiçik etnik qruplar vardı. Mövcud etnik qruplar işğal aləti olaraq yetərli və yararlı olmadığından ruslar bu aləti kənardan gətirib becərdi. Rusiya erməni ideyası yaratdı, sonra da bu ideya ilə zəhərlədiyi terrorçu dəstələr, eləcə də erməni toplumu yaratmağa başladı. Məlik Şahnəzər İbrahim xanın qaynatası idi. Şahnəzərin oğlu isə illər sonra rusların tərəfinə keçdi, vaxtilə isə xanın əlini öpmək üçün sıraya durardı.

Tarixin ən dolaşıq məsələsi də elə bu erməni məsələsidir. Beş məlikliyin sadəcə biri hay idi, qalanları xristianlığını saxlamış türklərdi, elə məlik Şahanəzər özü alban türküydü. Rusların onları necə erməni etdiyi araşdırılmış məsələdir. Hələ 1780-ci illərdə İkinci Yekaterinanın Qarabağla bağlı fərmanı vardı. Fərmanda deyilirdi ki Qarabağ xanını devirib yerində erməni dövləti qurun. Demək olar, rusun Qarabağ işğal siyasəti, Qarabağın bu günkü acınacaqlı durumu Yekaterinanın bu fərmanı ilə başlanğıc tapıb. Qarabağ güclü və quduz bir imperiyanın 250 illik siyasətinin, mərhələli işğal hədəfinin qurbanıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər