2 May 17:25
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Molla Nəsrəddin. Çətin günlərin dostu" layihəsinin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, filmlə bağlı qərar TÜRKSOY Daimi Şurasının ötən ilin 13-14 oktyabr tarixlərində Şuşa şəhərində keçirilən 40-cı iclasında qəbul olunub.

Filmin quruluşçu rejissoru, ssenari müəllifi Xalq artisti Vaqif Mustafayev, prodüseri Zaur Darabzadədir.

TÜRKSOY-un rəhbəri Sultan Rain filmi Türk dünyası tarixində ilk və önəmli layihə kimi qiymətləndirib: "Bu layihədə türk dövlətləri iştirak edir. İnanıram ki, çox gözəl film olacaq".

Vaqif Mustafayev filmin çəkilişlərinin avqust ayında başlayacağını deyib: "Fəxr edirəm ki, türk xalqlarının məşhur folklor qəhrəmanı Molla Nəsrəddin haqqında layihəni TÜRKSOY çərçivəsində həyata keçirəcəyik".

Onun sözlərinə görə layihənin məqsədi türk dövlətlərinin iştirakı ilə gözəl, baxımlı film istehsal edib qərb dünyasına təqdim etməkdir.

Zaur Darabzadə bildirib ki, layihəyə altı türk dövləti qoşulub:

"Film hazırlıq mərhələsindədir. Kastinq keçirilir, filmin baş rolu Molla Nəsrəddin üçün bir çox namizədlər var. Amma hələ axtarışlar davam edir".


Müəllif: Nərmin Muradova