17 May 14:01
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 2007-ci təvəllüdlü Rəşad Muxtarov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında həmyaşıdı Əliəkbər Mərəyevi qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rəşad 8 fevral 2023-ci ildə, saat 02:00-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasındakı 204 saylı otaqda onunla birlikdə yaşayan həmin mərkəzin tələbəsi Əliəkbərə yatmaq istədiyini bildirib. Ondan otaqdakı işığı söndürməsini, mobil telefonunun da səsini azaltmasını tələb edib.

Rəşad Əliəkbərin onun tələbini yerinə yetirməməsindən narazı qalıb və onun bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək mübahisə yaradıb. O, Əliəkbəri öldürmək qərarına gəlib.

Bu məqsədlə həmin otaqdakı masanın üzərində olan mətbəx bıçağını götürüb və öldürmək məqsədi ilə Əliəkbərə zərbələr vurub. 20-dən çox bıçaq xəsarəti alan Əliəkbər vəfat edib.

İstintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

“Sən də mənə söy” deyə cavab verirdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2002-ci ildə Mingəçevir şəhərində anadan olub və həmin şəhərdə Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbi bitirib, səhhəti ilə bağlı həqiqi hərbi xidmətdə olmayıb: “Təhsilimi davam etmək üçün 2022-ci ilin sentyabrın əvvəllərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olundum. Yaşamağa yerim olmadığı üçün bu mərkəzin yataqxanasına yerləşdirildim. Həmin vaxtdan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında 204 saylı otaqda yaşamağa başladım. Orada mərhum Əliəkbər, Məhəmməd və Elcan ilə yaşamışıq. Həmin uşaqlar bizdən ayrı qruplarda təhsil alıb. Həmçinin bizdən yaşca daha böyük olublar. Həmin uşaqlarla münasibətlərim yaxşı olub. Lakin Əliəkbərlə onun mənimlə söyüşlə etdiyi zarafatlara görə münasibətlərim pisləşib. Mən belə zarafatları qəbul etmədiyimdən Əliəkbərə iradlarımı bildirirmişəm. Əliəkbər isə “zarafatdır da, edirəm, sən də mənə söy” deyə cavab verirdi”.

“Salamımı almadı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 15 radələrində yuxudan oyanıb: “Həmin gün özümü yaxşı hiss etmədiyimdən dərsə getmədim. Yuxudan oyandıqdan sonra bir az otaqda oldum. Sonra “28 Mall”a gedərək orada vaxt keçirdim. Saat 22 radələrində yataqxanaya geri qayıtdım. Əliəkbər otaqda idi, digər otaq yoldaşlarımız Məhəmməd və Elcan isə 2-3 gün idi ki, yaşadıqları rayona getmişdilər. Mən otağa daxil olanda Əliəkbər öz yerində uzandı. Əliəkbərə salam versəm də, salamımı almadı, telefonla oynamağa davam etdi. Bundan sonra heç nə demədən əynimi soyunub yatağa uzandım”.

“Üzr istəməsini tələb etdim”

Rəşadın ifadəsinə görə, həmin gün saat 23 radələrində komendant Şamil otağa gəlib və yoxlanış apararaq gedib: “Mən yenidən yatmaq istəsəm də, Əliəkbərin telefonla oynamağına görə telefonun səsi, işığına görə yata bilmədim. Bu səbəbdən Əliəkbərdən telefonu söndürməsini tələb etdim. Lakin mənə məhəl qoymayaraq “işinlə məşğul ol” dedi. Əliəkbərlə buna görə mübahisə etdim. Ona “sənə 10 dəqiqə vaxt verirəm, telefonun səsini al, yatıram” deyə tələbimi qoydum. Əliəkbər isə sözlərimə məhəl qoymayaraq telefonla oynamağa davam etdi. Onun bu hərəkətindən əsəbləşdim, ondan mənə su gətirməsini istədim. Əliələkbər isə məni söyüşlə təhqir etdi. “Sənə niyə su gətirməliyəm” deyə bildirdi. Əliəkbərin söyüşü məni özümdən çıxardı. Ayağa qalxaraq onun üstünə getdim. Əliəkbərdən üzr istəməsini tələb etdim. Ona “məni səni vurmağa vadar etmə” deyə bildirdim, onu hədələdim. Əliəkbər isə “get işinlə məşğul ol” deyə bildirdi. Bir daha Əliəkbərə dedim ki, məni işə salma, üzr istə, yoxsa səni vuracağam, bax tumbanın üstündə bıçaq var. Əliəkbər isə gülərək, “get…” deyə söyüşlü cavab verdi. Artıq Əliəkbərin sözlərinə dözə bilmədim”.

“Adam bıçaqladığımı demişəm”

Rəşad qeyd edib ki, Əliəkbərin yatağının sol tərəfində olan tumbanın üzərindəki mətbəx bıçağını götürüb və onun uzandığı yatağa tərəf gedib: “Bunu görən Əliəkbər ayağa qalxaraq mənimlə əlbəyaxa olmaqla bıçağı almağa çalışdı. Lakin ala bilmədi. Əliəkbəri iki əlim ilə itələdim və Əliəkbər arxaya doğru gedərək öz yatağının üstünə arxası üstə düşdü. Bu zaman Əliəkbərin üzərinə gedərək əlimdə tutduğum bıçaqla onun döş qəfəsinə bir neçə zərbə endirdim. Əliəkbər özünü müdafiə etmək üçün geri doğru çəkildi, ayaqları ilə məni itələyərək özündən uzaqlaşdırmağa çalışdı. Lakin yenə də Əliəkbərə bıçaqla zərbələr endirdim. Əliəkbərə zərbələr vurduqca, yenə də mənə qarşı nalayiq ifadələr işlədirdi, üzr istəmirdi. Əliəkbər mənə qarşı nalayiq ifadələr işlətməyə davam etdiyinə görə ona zərbələr vurmağı davam etmişəm. Zərbələrin sayını bilmirəm. Əliəkbər üzü üstə yataqda yıxılı vəziyyətdə qaldı. Aldığı zərbələrdən ölümcül halda oldu. Hadisə vaxtı Əliəkbərə bıçaqla zərbələr endirən zaman bıçaq əlimdən sürüşərək sağ əlimi kəsib. Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etmişəm, hadisə haqqında məlumat vermişəm. Daha sonra atama və ondan sonra anama zəng edərək adam bıçaqladığımı demişəm. Daha sonra işıqları söndürüb həkimlərin gəlməsini gözləmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşad 19 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov