17 May 15:21
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyası həmişə dövlətçiliyin yanında duran partiya olub. Bizim partiya həmişə hakimiyyətlə dialoqa hazırdır. Ötən gün baş tutan görüş isə dialoq deyildi. Sadəcə olaraq “Siyasi partiyalar haqqında”​ qanunun tətbiqi ilə bağlı bir görüş idi.

Bunu Teleqraf.com-a Müsavat partiyasının Məclis üzvü Gülağa Aslanlı deyib.

“İstərdik ki, hakimiyyətlə Müsavat və digər siyasi partiyalar arasında dialoq da mümkün olsun. Ötən gün baş tutan görüşdə hakimiyyət təmsilçiləri bəyan etdilər ki, belə bir dialoqun mövzusu öncədən məlum olacaq. Bundan sonra bununla bağlı ayrıca bir tədbir keçiriləcək. İqtidar nümayəndləri belə bir söz verdi”, - deyə o qeyd edib.

Məclis üzvü bildirib ki, iqtidar tərəfindən bu cür addımlar atılacaqsa və dialoqla bağlı təşəbbüslər olacaqsa, Müsavat partiyası bu tədbirlərdə iştirak edəcək: “Seçkilərlə bağlı da müəyyən müzakirələr aparılır. Müsavat həmişə seçkilərdə iştiraka meyilli olan partiyadır. Partiyada da həmişə seçki platforması hazırlanır və təkmilləşdirilir. Hazırda da seçki ilə bağlı veriləcək qərarı gözləyirik ki, ona uyğun olaraq Müsavat partiyası öz namizədlərini irəli sürmək haqqında addım atsın”.

Gülağa Aslanlı seçki komissiyalarının paritet əsasda qurulması, seçki komissiyalarının tərkibi ilə bağlı təkliflərinin olduğunu da söyləyib: “Müsavat partiyasının təmsilçisi kimi partiyadan məsləhət olsa, mən də bu ilki parlament seçkilərinə qatılacam”.

Qeyd edək ki, mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub. Müsavat partiyası da bu görüşdə iştirak edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər