Azərbaycanın xalq artisti Habil Əliyev səhhətində yaranan problemə görə, Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva Teleqraf. com-a bildirib ki, hazırda kaman ustası reanimasiya şöbəsindədir: “Habil süni nəfəs aparatına qoşulub və yanına heç kimi buraxmırlar. Həkimlərin dediyinə görə, o, gecə gözlərini açıb. Bu gün xəstəxanaya Türkiyədən də professor gələcək. Görək türkiyəli professor nə deyəcək. Ümid göydə Allaha, yerdə həkimlərədir. Onu da deyim ki, həkimlərimiz Habili həyata qaytarmaq üçün əllərindən gələni edirlər”.
Ş.Əliyeva onu da qeyd edib ki, Habil Əliyevin yanına sənət yoldaşlarından Babək Niftəliyev və Ehtiram Hüseynov gəlib: “Amma Habil Babəki tanımadı. Babəkin telefonunda Habilin ifası var, ifanı onun qulağına qoydu və onda gözünü yarımçıq açdı. Hələ ki, başqa sənət dostlarından bir xəbər yoxdur. Hamısı sağ olsunlar, yəqin Bakıda yoxdurlar, istirahətdədirlər. Onlar da inşallah, Habildən yaxşı xəbər eşidərlər”.
Rəqsanə Həsənova