4 Dekabr 2015 15:51
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gənc şair Elvin Bakiroğlunun şeirlərini təqdim edir:

1

yəqin ona görə axtarmırsan ki,

qədim bir dövrün naməlum qalıntısı kimi xəbərin yoxdu məndən,

hələ bunun tapılmamaq qorxusu da var.
başım sənə elə qarışıb,
kimsə deyəndə inanmıram ki gecə yuxusu da var.
musiqi dinləyirəm gecələr,
sənə şeir oxumaq üçün aynanın qarşısına keçib,
əlimlə saçlarıma ütü çəkirəm,
köynəyimi ilikləyirəm.
anasını axtaran cücələr kimi ora-bura baxıb cik-cikləyirəm.
dizin-dizin sürünüb eyvana iməkləyirəm,
qulağımı şəkləyirəm,
qonşu televizorda
“terk etmedi sevdan beni” oxuyur Funda Arar,
başımla təsdiqləyirəm.
sən də yuxusuzsan gecələr,
bəlkə də eyni ulduzun işığı düşür damımıza,
bir ulduzda qovuşuruq.
səhərlər eyni zavodun bişirdiyi çörəklərdən alıb yeyirik,
xəmirimiz bir yoğrulur.
eyni firmanın satdığı şirələri içirik ayrı dükanlardan.
bəlkə elə bu gün eyni avtobusa minmişik,
səndən on dəqiqə tez mən düşmüşəm,
məndən on dəqiqə sonra sən minmisən.
mən o avtobusda səni fikirləşmişəm,
sən
yaxşı ki qabağına çıxmıram deyə sevinmisən.
bəlkə də mən verdiyim qəpiyi sənə verib sürücü,
həmin qəpikdə əl izlərimiz görüşüb.
bəlkə sən onu dilənçinin birinə vermisən,
sonra
elə bəlkə bir falçı da baxıb əlinə və deyib ki:
“elə bil əlinin üstündə başqa bir əl var, heç nə görə bilmirəm”.
bunların hamısı ola bilərdi,
amma heç biri olmayıb.
başım sənə elə qarışıb,
nə bir qadının, nə bir qızın yanımda yeri olmayıb.
bu gecə də birtəhərəm,
aynaya baxıb təbrik edirəm doğum gününü.
nə olsun içim özümü yandırır,
sevincimdən uçuram,
səni də hardasa redbull qanadlandırır...

2

yalnız bir gecədi
Şopendi pəncərənin ağzındakı həzin külək
yağış
onu tək buraxmamış
amma yalnız bir gecədi
qaranlıq gecəni səhərə daşımaqda
adamlar mışıl-mışıl uyumaqda
yuxuda yaşamaqda
telefonlar sadəcə susmaq üçündü
saatı öyrənmək üçün bir də
axı kimdi zəng eləyən
gecə birdə
ən çox qulaqlar darıxır
sanki bu dünyada bir telefon var
sanki hardasa Graham Bell gecikir, karıxır
yalnız bir gecədi
düşür ayın işığı
islanır gözün işığı
üşüyür Edisonun işığı
üç işığın altındakı adamın qanı qara
oyaq evləri sayır
gözünü dikib uzaqlara
səkkiz
yeddi
altı
çoxalır qaraltı
beş
dörd
üç
iki
bir
evlərin hamısı itir
yalnız bir gecədi
başqa bir Orxan Vəlidi
İstanbulu yox Bakını düşünür gözləri qapalı

3

bu arıqlıq pəhrizdən deyil
bu yekəpər arıqlıq, bu kök arıqlıq
darıxmağın kökaltıdı
təkliyin kubudu
ayrılığın kvadratıdı

keçmişin yanında əlimiz aşağıdı
günü-gündən qiyməti qalxır xatirələrin
yaddan çölə çıxmır xatirələr – “mama uşağıdı”
alzaymer xəstəsi çıxdı sevdiklərimizin çoxu
hansı mötərizəni açsaq – onlar ordadı
hansı mötərizəni bağlasalar – biz orda yoxuq
barmaq sayı qədər güldük
hesablaya bilmədik yanağımızdan axan
neçənci göz yaşıdı
min adamlıq ürəyimiz varıydı
bir sevdalıq yerimiz
bir xəyanətlik canımız varıydı – öldük
biz ölməmişdən əvvəl
bir baxış bəsiydi soyuğun isinməyinə, qışın keçməyinə
bir öpüş bəsiydi bütün orqanların bütün orqanlara köçməyinə
hər şey bəsimiziydi
nə qədər ki sevgi bizim hər şeyimiziydi
nə qədər ki biz sevginin heç nəyi deyildik
inanmırdıq Amerikan filmlərinə
aldanırdıq Hind kinolarına
çünki zəifin qalib olacağına əminiydik
çünki siçan həmişə pişiyin başına itin oyununu açırdı
çünki Cerinin əlindən bezmişdi Tom
üstəlik evimizin damı da uçmamışdı başımıza
qazançaları düzməmişdik yağışın altına
islanmamaq üçün evdən qaçmamışdıq
kasıblığı hər şeyindən tanıyırdıq
corabımızın yırtığından
ayaqqabılarımızı deşiyindən tanıyırdıq
kişi kimiydi anamız
anamız olmasaydı atasız böyüyərdik
bacımız olmasaydı qardaşımız olmazdı
qonşumuz olmasaydı qohum nədi bilməzdik
sevgilimiz olmasaydı hamıdan xoşbəxt yaşayardıq
bir xəyanətlik canımız varıydı çünki
indi bu arıqlıq bir az da uzaqlaşmaqdı
xatirələrdən və sevdiklərimizdən
və bu uzaqlıq bir az da yaxınlaşmaqdı
xatirələrə və sevdiklərimizə
çünki biz arıqladıqca canımız bir az da hopur içimizə
indi bu arıqlıq pəhrizdən deyil
ayrılığın kvadratıdı bu
təkliyin kubu…

4

tanımadığınız qadınla bir yastığa baş qoymusunuzmu
ən təbii ehtiyacdan doğur tanımadığınız qadınla bir yastığa baş qoymaq
məsələn uzaq bir səfərdə
avtobusda
ən son oturacaqda
bir yastığı bölüşə bilərsiniz tanımadığınız qadınla
gülüb eləməyin
dodaqlarınız qaçmasın qulaqlarınıza
deməli hər şey normaldı
üstəlik yorğunsunuz
və gözləriniz hamilədirsə yuxuya
gücünüz çatmırsa ayaqlarınıza
tanımadığınız qadınla bir yastığa baş qoya bilərsiniz
siz yuxudaykən saçlarınız qarışıb sevişər
əlləriniz görüşüb tanış olar
sonra
tanımadığınız qadınla
avtobusdan düşüb
təsadüfləri saymasaq
birbirinizi bir daha görməmək şərtiylə
aranızda heç nə olmamış kimi
ki doğurdan da aranızda heç nə olmayıb
bəlkə də olmuş kimi
ki doğurdan da aranızda nəsə olub
biri-birinizin həyatından çıxıb
hərəniz öz işinizin dalınca yaşamağa gedərsiniz
eynən tanıdığınız qadınla bir yastığa baş qoymuş kimi…


Müəllif: