"Azərbaycanın hər bir vətəndaşı Bakıda bu ay keçiriləcək Avropa Oyunlarına görə fərəhlənməlidir. Bu yarış şəxsən mənim həyatımda çox əhəmiyyətli yer tutur. Mən idman mütəxəssisiyəm və belə mötəbər yarışın nə demək olduğunu, əhəmiyyətini yaxşı anlayıram. Bu elə bir yarışdır ki, onu şərh etmək, qiymətləndirmək üçün söz tapmaq çətindir. Necə deyərlər, görünən dağa nə bələdçi?"
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev bu ay Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətini şərh edərkən bildirib. Onun sözlərinə görə, I Avropa Oyunlarına qarşı çirkin kampaniya aparanlar əslində hansı mənbədən qidalandıqlarını göstərirlər: "Şübhə yoxdur ki, Azərbaycanda belə bir yarışın keçirilməsini istəməyən əsas qüvvə ermənilərdir. Erməni dəyirmanına su tökənlər bu kampaniyada iştirak edirlər. Adını azərbaycanlı, türk qoyan şəxsin bu kampaniyada yer alması mümkün deyil, əgər varsa, deməli onların qanında qarışıq var. İdman yarışları sülhə, dostluğa, qardaşlığa çağırışdır. Belə yarışlarda xalqlar, dövlətlər bir-birilə daha da yaxınlaşır. Bu mənada bu ay Bakı dünya ölkələrinə qucaq açacaq və bəşəriyyəti sülhə çağıracaq. Qoy bütün xalqlar, millətlər Bakıda toplaşıb müharibəyə, münaqişələrə meydan oxusun. Bu mənada I Avropa Oyunlarının əhəmiyyəti böyükdür".
A.Əbiyev idman yarışlarında iştirak edəcəyini bildirdi: "Təkcə mən deyil, bizim akademiyanın müəllim və tələbə heyəti bu yarışları həm izləyəcək, həm də öz güclərini sınayacaqlar. Tələbələrimizin Avropa Oyunlarına hazırlıq səviyyəsindən çox razıyam. İnşallah, nəticələr hər birimiz üçün ürəkaçan olar. Məni sevindirən həm də odur ki, I Avropa Oyunlarına görə Bakıda tikilən idman infrastrukturu, qurğuları sonradan gənc idmançıların yetişməsində mühüm rol oynayacaq. Bəzən ağzıgöyçəklər danışırlar ki, idmana bu qədər pul xərclənir və s. Mən sizə deyim ki, idmana xərclənən pullar heç vaxt itkiyə getmir. Əvvəla, bu pullar həm də sağlamlığa, gənclərin fiziki inkişafına xərclənir. İkincisi, növbəti yarışlara ev sahibliyi etmək Azərbaycan üçün daha asan olacaq. İndi bizim mötəbər idman yarışları üçün hər cür maddi-texniki bazamız mövcuddur. Bütün bunlara sevinmək lazımdır".
A.Əbiyev sonda onu da bildirdi ki, bu gün I Avropa Oyunlarına qarayaxanlar vaxtında idmandan uzaq düşmüş insanlardır: "İdman eləməyiblər, tez-tez xəstələnirlər. Bədən xəstə olanda düşüncə də xəstə olur. Xəstə düşüncəli insanların fikirlərinə baş qoşmaq düzgün deyil. Onlara baş qoşsan, sənin də düşüncələrin xəstəliyə yoluxa bilər".
Ayxan