İranda qanunsuz “Tövhid və Cəhad” islamçı qrupuna üzvlükdə və müxalif silahlı cərəyanlarla əməkdaşlıqda günahlandırılaraq ölümə məhkum edilmiş daha 7 sünni məhbus edam edilib.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameralara köçürülən 36 sünni məhbusdan 7-si, Şəhram Əhmədi, Xalid Məleki, Muxtar Rəhimi, Bəhmən Rəhimi, Kavə Veysi, Arəş Şərifi və Kavə Şərifi avqustun 2-si sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dar ağacından asılıb.
Məhbuslar, Allaha qarşı müharibədə, müxalif silahlı qruplarla əməkdaşlıqda, hüquq-mühafizə qüvvələrinə silahlı müqavimət göstərməkdə, terrorçu fəaliyyətlərdə, eləcə də “Tövhid və Cəhad” müxalif sünni qrupuna üzvlükdə günahlandırılsalar da, məhbuslar həmin ittihamları rədd etmişdilər.
Son illər İranda edamların sayının kəskin dərəcədə artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.