Misirin təchizat naziri Xalid Hənəfi korrupsiya iddiaları ilə bağlı istefa verib. Teleqraf.com xəbər verir ki, baş nazir Şerif İsmail onun istefa ərizəsini qəbul edib.
Təchizat nazirinin istefa qərarı deputatların və bir sıra KİV-lərin nazirliyi buğda satınalmalarında fırıldaqçılıqda ittiham etməsi ilə bağlıdır. Bəzi məlumatlara görə, milyonlarla dollar vəsait əslində mövcud olmayan buğdanın alınmasına sərf edilib. Nazirliyi, həmçinin ölkənin istehlak bazarında ərzaq məhsullarının qiymət artımına gətirib çıxaran addımlara görə tənqid edirdilər.
KİV-lərin məlumatına görə, X.Hənəfi hökumətin fədakarlıqla işləyəcək və islahatların davam etdirilməsi üçün məsuliyyəti öz üzərinə götürəcək adamı seçə bilməsi üçün istefa verdiyini bildirib.
Yaxın vaxtlarda sabiq nazirin ifadə vermək üçün prokurorluğa çağırılacağı gözlənilir.