Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” partiyası payızda Kiyevin mərkəzindəki Maydanda genişmiqyaslı etiraz aksiyaları keçirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Apostrof” nəşri məlumat yayıb. Bildirilir ki, etiraz aksiyalarında kommunal xidmətlərin yüksək tariflərinə etiraz olunacaq. Tomişenkoya dəstək verən ictimai təşkilatlar aksiyaların kütləviləşməsi üçün 500-ə qədər çadır alıb. Xəbərə görə, onlar oktyabrın 1-nə hazırlaşırlar. Aksiyaların noyabr və dekabrda da keçirilməsi nəzərdə tutulub. Gələcəkdə etiraz aksiyalarının əsas tələbi vaxtından əvvəl parlamentlər və prezident seçkiləri ilə bağlı olacaq.
“Batkivşina” lideri vaxtaşırı qüvvədə olan Ukrayna hakimiyyətini tənqid edir. O, sentyabrın 19-da bildirib ki, Lvov sakinləri Maydan hərəkatı nəticəsində Ukraynada hakimiyyətə gəlmiş siyasətə görə məyus olub. Siyasətçinin fikrincə, ukraynalılar Kiyev hakimiyyətinin indiki siyasi sistemini soyqırım hesab edir.
Qeyd edək ki, Maydan hərəkatı 2013-cü ilin sonu 2014-cü ilin əvvəlində paytaxt Kiyev və Ukraynanın başqa şəhərlərində baş verib. Kütləvi aksiyalar nəticəsində ölkədə hakimiyyət zorakı yolla dəyişdirilib. Bu aksiyalar ölkə prezidenti Viktor Yanukoviçin qaçışına gətirib çıxarıb. Hadisələr zamanı 106 insan həlak olub.
Nərgiz