3 Oktyabr 2016 15:08
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Neyşabur şəhərində “Bəsic” qüvvələrinin iki gecə şənliyinə hücumunda daha 40 qız və oğlan tutulub. Bu barədə Neyşabur şəhərinin “Bəsic” təşkilatının komandanı Seyid Əli Əkbər Hüseyni oktyabrın 3-də jurnalistlərə açıqlamasında məlumat verib.

Seyid Əli Əkbər Hüseyni deyib ki, onun başçılıq etdiyi qüvvələr şəhərin ətraf bağlarında iki gecə qonaqlığının keçirilməsi barədə xəbər aldıqdan sonra dərhal hərəkətə keçiblər: “Şəhərin Somiə məntəqəsindəki bağlardan birində keçirilən gecə şənliyində bir-biri ilə əylənən 14 kişi və 8 qadın, Bağrud turist məntəqəsindəki bağ evlərinin birində isə 11 kişi və 7 qadın həbs edilib. Hər iki bağ evində qonaqların istifadəsi üçün nəzərdə tutulan 5 litrdən artıq alkoqollu içkilər aşkarlanaraq götürülüb. Tutulan kişi və qadınlar isə sərxoş vəziyyətdə olub”.

“Bəsic” komandanı bildirib ki, tutulanlardan bəziləri polis bölməsində dindirildikdən sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Bu ilin iyun ayından bu yana İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə edilən hücumlarda ən azı 600 adam həbs edilib.


Müəllif:

Oxşar xəbərlər