Hakimlərin Seçki Komitəsi tərəfindən yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.
Məhkəmə Huquq Şurasından Teleqraf.com-a verilən məlumayta görə, ölkə Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel Fərmanından sonra isə seçim prosesi davamlı xarakter alıb, imtahanlarda 2000-dən çox hüquqşünas iştirak edib, müsabiqənin bütün mərhələlərini, habelə tədris kursunu və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 216 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin edilib. 122 namizəd isə hazırda seçim prosesinin müxtəlif mərhələlərində olmaqla, onlardan 47 nəfər tədris mərhələsində, 75 nəfər hakimliyə namizədlə isə hazırda şifahi imtahanlar aparılır.
2024-cü il 15 dekabr tarixində 324 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmuşdur.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 211 nəfər hakimliyə namizəd müsabiqənin növbəti – yazılı mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Qaydalara əsasən imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.
Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.
Siyahı ilə buradan tanış ola bilərsiz.