16:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Fransadakı səfirliyinə terror təhlükəsi Macarıstanla qonşu ölkədən gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şərqi Avropa dövlətinin xarici İşlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto "Kossuth" radiosunda bazar günü çıxışı zamanı bildirib.

O xatırladıb ki, şənbə günü Macarıstanın Parisdəki səfirliyi terror aktı təhlükəsi ilə bağlı kəşfiyyat xidmətləri tərəfindən yoxlanılıb. Səfirliyə əldəqayırma partlayıcı qurğunun fotoşəkili olan məktub daxil olub. Nazir təhdid mesajının Macarıstanla qonşu ölkədən elektron poçtla göndərildiyini təsdiqləyib, lakin ölkənin adını açıqlamayıb.

"Fransa səlahiyyətliləri çox tez gəldilər və müvafiq avadanlıq və axtarış itlərindən istifadə edərək, çox peşəkarcasına hərəkət etdilər, lakin heç bir partlayıcı qurğu tapılmadı", - deyə nazir bildirib.

Onun sözlərinə görə, səfirlik əməkdaşları işlərinə davam etmək üçün binaya qayıdıblar. Macarıstanın xarici işlər naziri əlavə edib ki, Parisdəki diplomatik nümayəndəliyin təhlükəsizliyi gücləndiriləcək.

Szijarto qeyd edib ki, bu hadisə xüsusilə bəzi ölkələrdə silahlı münaqişələr səbəbindən davam edən terror təhlükəsini xatırladır.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər