Hazırda İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
"Başlanan əməliyyat irimiqyaslı olacaq. Hələ ki əməliyyat plan üzrə gedir. Orada olan azsaylı ABŞ hərbçiləri məsləhətçi qismində çıxış edir. Biz onların məruz qaldığı riskləri minimuma endirmək üçün çalışırıq", deyə P.Kuk bildirib.
O, həmçinin Mosulun böyük şəhər olduğunu və hərbi əməliyyatların uzun müddət davam edəcəyini vurğulayıb.
Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.