29 Oktyabr 2016 14:23
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayət Polisi İdarəsi İnterpol YUKOS kompaniyasının keçmiş rəhbəri Mixail Xodorkovskinin beynəlxalq axtarışa verilməsi məsələsini tezliklə yenidən müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, “İnterfaks” bu barədə məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbə bildirir ki, beynəlxalq polis təşkilatı Rusiya tərəfinin təkidi ilə noyabrın ortalarında İndoneziyada keçiriləcək toplantısında Mixail Xodorkovskini axtarışa verib-verməmək məsələsini yenidən müzakirə edəcək.

Mixail Xodorkovski 1998-ci ildə Nefteyuqansk şəhərinin meri Vladimir Petuxovun ölümünün təşkilində, həmçinin iki və daha çox şəxsə qarşı sui-qəsddə ittiham edilir.

Bir müddət öncə beynəlxalq polis təşkilatının baş katibliyi milli bazada Xodorkovskinin anket məlumatlarını yerləşdirməyi uyğun bilmədiyini açıqlamışdı.

Rusiyanın Mixail Xodorkovskini Nefteyuqansk merinin ölümündə ittiham edərək İnterpol xətti ilə beynəlxalq axtarışı verdiyi bu ilin fevralında məlum olmuşdu. Ötən ilin dekabrında Moskvanın Basman rayon məhkəməsi Xodorkovskiyə sözügedən iş üzrə ittiham irəli sürərək onu qiyabi olaraq azadlıqdan məhrum edib. Məhkəmə həmçinin, keçmiş oliqarx barədə beynəlxalq axtarış elan olunmasına qərar verib.

Miaxail Xodorkovski YUKOS işi ilə bağlı 10 il həbsxana həyatı yaşayıb və 2013-cü ilin dekabrında əfv olunub. Tezliklə Rusiyanı tərk edib və İsveçrədə sığınacaq alıb.

Səxavət


Müəllif: