31 Oktyabr 2016 15:43
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin fövqəladə və səlahiyyətli elçisi olmuş Arif Ağakişiyev Dağlıq Qarabağda yaranan separatizmin tarixi barədə maraqlı faktlar açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, diplomat “Vestnik Kavkaz”a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etdiyini söyləyib.

Arif Ağakişiyev qeyd edib ki, hələ Xruşşovun dövründə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutyunov ölkə rəhbərlərindən olan Georgi Malenkova xaricdən bir çox erməninin Ermənistana köçməsi üçün ərazilərin azlıq etdiyini əsas gətirərək Qarabağı Ermənistan SSRİ-yə birləşdirməsi xahişini edib: “Malenkov bu məktubu Bakıya göndərdi. Mircəfər Bağırov alim və partiya rəhbərliyinə məsələni öyrənib ermənilərə cavab hazırlamağı tapşırdı. Malenkova göndərilən cavabda deyilirdi ki, Azərbaycan SSRİ Dağlıq Qarabağı Ermənistana verməyə razıdır, amma o şərtlə ki, əvvəllər alınmış ərazilər Azərbaycana qaytarılsın. Bununla da həmin məsələ bağlandı”.

Arif Ağakişiyev vurğulayıb ki, bu hadisə sovet dövründə ermənilərin Qarabağa olan birinci ərazi iddiası deyil: “Bu məsələ vaxtaşırı Stalinin dövründə də xaricdən gələn ermənilərin yerləşdirilməsi üçün yerin olmaması bəhanəsi ilə şişirdilirdi. 1948-ci ildə 100-150 min azərbaycanlı Ermənistandan köçürüldü. O azərbaycanlılar əsasən, Ermənistanın dağlıq rayonlarında və İrəvanda yaşayırdılar. Köçürülənlərin bir qismi Bakıda, çox hissəsi isə Azərbaycanın susuz və şoran torpaqlarında yaşamağa məcbur oldular və bir qismi bu səbəbdən həlak oldu”.

O, 1960-cı illərdə Qarabağ məsələsinin yenidən alovlandığını qeyd edib: “O zaman Ermənistanda yeni nəsil böyüdü və kənara çıxış axtarmağa başladılar. Həmin illərdə Ermənistan SRRİ-nin rəhbərliyinə Livandan, Suriyadan gəlmə ermənilər keçdilər. Onların mentaliteti tamamilə başqa idi. Onlar Xankəndində ayağa qalxmağa başladılar. Mən onlardan ikisinin adını çəkə bilərəm: şair Baqrat Ulubabyan və yazıçı Sarkis Abramyan.

Onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərəkatına başçılıq edirdilər. O zaman Azərbaycan rəhbərliyi bu hərəkatın qarşısını almağı bacardı və ermənilər gördülər ki, heç nə alınmır, Qarabağdan Ermənistana getdilər”.

Diplomat Dağlıq Qarabağda üç azərbaycanlının haqsız yerə yandırılması faktını da açıqlayıb: “1967-ci ilin iyulunda üç azərbaycanlını bir erməni uşağını öldürməkdə ittiham etdilər. Millətçilər yay kinoteatrının qarşısındakı açıq sahədə azərbaycanlılar üzərində məhkəmə qurulmasını istəyirdilər. Mən bu haqda Dağlıq Qarabağın rəhbərliyinə məlumat verdim, söylədim ki, o insanları belə mühakimə etmək olmaz, araşdırma aparmaq lazımdır. Məni dinləmədilər.

Onunla əsaslandırdılar ki, məhkəmə açıq yerdə keçirilir və müttəhimlər mühafizənin müşayiəti ilə gətirilir. Lakin açıq sahədə azərbaycanlıları yandırdılar. Yandırılan azərbaycanlılar həmin erməni uşağın oxuduğu məktəbin direktoru, təsərrüfat müdiri və məktəb sürücüsü idi. Onlar qışqırırdılar ki, günahkar deyillər, ancaq eşidən olmadı.

10 il sonra aydın oldu ki, uşağı öz dayısı öldürüb və cəsədini quyuya atıb. Azərbaycan Mərkəzi Komitəsinin bütün büro üzvləri Qarabağa gəldi, çünki azərbaycanlılar və ermənilər arasında kəskin münaqişə yetişirdi, qan tökülə bilərdi. Mən Şuşaya getdim. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev qarşıdurmanı dayandırmağı bacardı və cinayətkar qrupun üzvləri həbs olundu, onlara qarşı ciddi ölçülər götürüldü. Azərbaycanlıları məhkəməsiz cəzalandıranlar ağır cəzaya məhkum edildilər”.

Arif Ağakişiyevin fikrincə, Dağlıq Qarabağ münaqişəsi azərbaycanlılardan çox ermənilərə ziyan vurdu: “Düzdür, biz 20 faiz torpağımızı itirdik, ancaq Azərbaycan dövləti inkişaf edir. Ermənistan isə ötən 25 il ərzində irəliləyə bilmədi. İntellektuallar və ziyalı ermənilər olanlara görə hazırda Ermənistanda hakimiyyətində olan Qarabağ klanını ittiham edir. Mən düşünürəm ki, münaqişə sülh yolu ilə həll ediləcək. Heç kim qan tökülməsini istəmir.

Mən Dağlıq Qarabağı yaxşı tanıyıram, bir çox erməni kəndlərində olmuşam. Sadə camaat əla yaşayırdı və azərbaycanlılarla yaxşı qonşuluq münasibəti saxlayırdılar. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın fikri ilə razılaşa bilmərəm, o, iddia edir ki, azərbaycanlılar və ermənilər etnik cəhətdən bir yerdə yaşaya bilmir. Bu, belə deyil. Ermənilər və azərbaycanlılar uzun müddət sülh və əmin-amanlıq şəraitində yaşayıb. Mən özüm Azərbaycan Politexnik İnstitutunu bitirmişəm. Bizim qrupumuzda 25 tələbədən cəmi ikisi azərbaycanlı, doqquzu erməni idi. Tarix qarşılıqlı yaşayışın çox nümunəsindən agahdır. Necə etnik uyğunsuzluq haqqında danışmaq olar?”

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər