Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov ötən gün Təhülkəsizlik Şurasının iclasında hökumət orqanlarından siqaret möhtəkirliyinə qarşı amansız mübarizə tələb edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezident çıxışında ölkədə sağlam həyat tərzinin və ruh yüksəkliyinin hökm sürdüyünü deyib. Bununla belə, dövlət başçısı hesab edir ki, siqaret möhtəkirliyi ilə məşğul olan, narkotik vasitədən istifadə edən və satan müftəxorlar da var: "Bu işlərlə məşğul olanlar təkcə özlərinə yox, ölkənin nüfuzuna da ziyan vururlar. Belə mənfur işbazlara bizim aramızda yer yoxdur".
Bir müddətdir Türkmənistanda tütün böhranı yaşanır. Yayda təxminən 3 ay mağazalardan yoxa çıxan siqaret əldə onqat baha satılırdı.
Hazırda dövlət mağazalarının piştaxtalarında siqaret var, amma hamıya bəs eləmir.
Bir neçə həftə öncə ölkədə qadınlara tütün məmulatlarının satışı qadağan olunub. Qadağaya səbəb qadınların dövlət mağazalarından siqaret alıb əldə baha qiymətə satdıqları göstərilir.
MAHİR