ABŞ-da prezident seçkilərinin bitməsinə bir neçə gün qalmış Demokrat partiyasından namizəd Hillari Klintonun “poçt skandalı” gündəmin birinci mövzusu qalmaqda davam edir.
Əlbəttə ki, bu məsələni gündəmdən çıxmağa qoymayan Respublikaçılar partiyasına və onun namizədi Donald Trampa yaxın olan media qurumlarıdır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama da artıq məsləyə qarışmalı olub. Obama üstüörtülü də olsa, FTB direktorunun son qərarından narazılığını ifadə edib.
Barak Obama bu barədə ABŞ-ın NowThisNews internet portalına danışıb. Prezident hüquq-mühafizə orqanlarının işinə qarşımadığını vurğulamaqla bərabər, hər halda, məsələ ilə bağlı öz şəxsi mövqeyini çatdırıb: “Düşünürəm ki, müəyyən normalar mövcuddur…Təhqiqat aparılan zaman biz tam olmayan, sadəcə məlumat sızmaları üzərində hərəkət etməməliyik”.
Obama xatırladıb ki, “həm FTB-nin, həm Ədliyyə nazirliyinin, həm də Konqresdə aparılan təhqiqatın gəldiyi nəticə ondan ibarət olub ki, Hillari Klinton müəyyən səhvlərə yol verib. Lakin bu onu ittiham etmək üçün əsas sayılmır.”
Bu müsahibədən sonra Ağ Evin mətbuat katibinin müavini Erik Şults öz bossunun sözlərinə aydınlıq gətirməli olub. O, Barak Obamanın bəzi sözlərinin təhqiqatın başlanması ilə bağlı əvvəlki fikirlərinə zidd olmadığını bildirib.
Qeyd olunur ki, Barak Obama FTB-nin Hillari Klintona qarşı təhqiatı yenidən bərpa olunduğunu elan etdiyi ilk günlərdə mətbuata verdiyi bəyanatda buna görə FTB direktoru Ceyms Kominin nə tənqid, nə də dəstəkləyəcəyini bildirmişdi.
Donald Tramp isə məsələnin üzərinə getməkdə davam edir. Çünki bu skandal respublikaçı namizədin on gün bundan öncəki müddətə qədər sönən ümidlərinə yenidən işıq saçıb.
Tramp Mayamidə tərəfdarları qarşısında çıxış edərək təhqiqatın Hillari Klintonun namizəd olmasını belə şübhə altına qoyduğunu bəyan edib: “Əgər Klinton qalib gəlsə bu konstitusiya böhranı yaradacaq”.
Donald Trampın seçki qərargahı isə Obamanı hüquq mühafizə orqanlarının işinə müdaxilə etməkdə günahlandırıb. Trampın müşaviri Ceyson Miller demokrat namizədə yönəlik iki müxtəlif araşdırmanın getdiyini xatırladıb. Bunlardan biri elektron yazışmalar, digəri isə Hillari Klintonun həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintonla birlikdə qurduğu fondla əlaqədardır.
Millerin sözlərinə görə, bu keçmiş dövlət katibinin seçki yarışından kənarlaşdırılması üçün kifayətdir.
ABŞ-ın RealClearPolitics saytına görə isə son hadisə Klintonun reytinqlərinə ciddi zərbə vurur.
Hazırda namizədlər arasında fərq getdikcə azalmaqdadır. İndi Donald Tramp Hillari Klintondan sadəcə 2% geridə qalır. Halbuki FTB-nin yeni qərarından öncə bu rəqəm 5-7%-lə ölçülürdü.
ABŞ-ın Politico.com saytının verdiyi məlumata görə isə demokratlar Hillari Klintonun seçki günü rəqibini məğlubiyyətə uğradacağından əmin görünürlər.
Onlar Donald Trampın son günlərdə reytinqlərdə əldə etdiyi sıçrayışına tab gətirə biləcəklərini söyləyirlər.
Siyasi müşahidəçilər prezidentlik uğrunda yarışda 7 ştatın- Kolorado, Florida, Ayova, Nevada, Şimali Karolina, Ohayo və Viskonsinin “açar” rolu oynadığını bildirirlər.
Demokrat partiyasının strateqləri Kolorado, Nevada, Şimali Karolina, Ohayo və Viskonsində qələbəyə yaxın olduqlarını qeyd etməklə yanaşı, Florida və Ayovada respublikaçıların üstünlük qazandıqlarını etiraf edirlər.