ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçusu Suriyada həlak olub. Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” Agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb. Məlumata görə, amerikalı hərbçi kustar üsulla hazırlanmış partlayıcı maddənin işə düşməsi nəticəsində həyatını itirib.
İnsident ərəb respublikasının Ayn-İssa şəhəri yaxınlığında baş verib. Hadisənin təfərrüatları, həmçinin həlak olanın kimliyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, hal-hazırda Suriyada ABŞ xüsusi təyinatlılarının bir dəstəsi fəaliyyət göstərir. RİA Novosti xəbər verir ki, onlar yerlilərə “İslam Dövləti” terror təşkilatına qarşı mübarizədə köməklik edirlər. ABŞ hərbçiləri Suriya hakimiyyətinin icazəsi olmadan bu ölkədə fəaliyyət göstərirlər. Pentaqonun məlumatına görə, onlar terrorçulara qarşı döyüşlərdə iştirak etmirlər. Amerikalı hərbçilərin fəaliyyəti yerlilərə təşkilatlanmada köməklik göstərməklə və kəşfiyyat işləri aparmaqla məhdudlaşır.
Oktyabrın 21-də isə İraqın Mosul şəhərinin azad olunması istiqamətində aparılan əməliyyatlar zamanı ilk amerikalı hərbi qulluqçu həlak olub. O, şəhərin şimal hissəsində yola yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində aldığı yaralardan dünyasını dəyişib. Amerikalı hərbçi kürd silahlı qruplaşması – peşmərgənin döyüş əməliyyatlarında döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə mütəxəssis qismində iştirak edib. Əməliyyatlarda ümumilikdə 100 amerikalı xüsusi təyinatlının iştirak etdiyi bildirilir.
Səxavət