İran Həcc ziyarəti ilə bağlı məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanına nümayəndə heyəti göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın “İsna” agentliyi məlumat yayıb.
İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri Həmid Məhəmmədi jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında ilkin razılaşma əldə edilərsə, İrandan daha yüksək rütbəli nümayəndə heyəti Səudiyyə Ərəbistanına ezam edilərək, problemin detallarını müzakirə edəcək. İranın mədəniyyət naziri Rza Salehi Əmir isə bildirib ki, iranlı zəvvarların Həccə göndərilməsi üçün rəsmi Ər-Riyadla danışıqlar davam edir: “Hökumətimiz bütün səyi ilə bu problemi həll etməyə çalışır. Bizim istəyimiz zəvvarlarımızın növbəti dəfə Həccə gedə bilməsidir. Lakin bunun üçün müəyyən şərtlərimiz var və bunu Səudiyyə rəsmilərinə də bildirmişik. Şərtlərimizi qəbul etsələr, zəvvarlarımızı Həccə göndərəcəyik”.
Qeyd edək ki, iranlı zəvvarlar ötən il Həcc mərasiminə qatılmayıb. Buna səbəb Səudiyyə Ərəbistanının Həccin siyasiləşdirilməməsi və bu mərasimdən siyasi məqsədlər uğrunda sui-istifadə edilməməsi ilə bağlı rəsmi Tehran qarşısında qoyduğu şərtlər olub. Lakin İran tərəfi həmin şərtləri qəbul etməyib.
Samir