Quba rayonunda qanunla qadağan edilən dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən rayon sakini Tehran Əmiraslanovun evində əməliyyat keçirilib.
Məlum olub ki, Tehran Əmiraslanov qanunla qadağan edilmiş dini təriqətlərdən birinin təbliği ilə məşğul olub və bu məqsədlə evində yığıncaq təşkil edib.
Keçirilən əməliyyat nəticəsində Tehran Əmiraslanovun “Dini etiqad azadlığı haqqında” qanunun tələblərini pozaraq evində yığıncaq təşkil etməsi müəyyən edilib.
Baxış zamanı evdən 54 ədəd dini kitab və 16 ədəd audiokaset aşkar edilərək götürülüb və Dini Qurumlarla İşi üzrə Dövlət Komitəsinə göndərilib.
Tehran Əmiraslanov və yığınacaqda iştirak edən 22 nəfər saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacı Zeynalov