Cənubi Koreyanın sabiq prezidenti, xanım Park Geun korrupsiya ittihamları ilə bağlı prokuror tərəfindən dindirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Park Geun prokurorların qarşısına çıxmazdan öncə jurnalistlərə kədərli olduğunu söyləyib.
O, prezident vəzifəsini icra etdiyi müddətdə korrupsiya ittihamı ilə bağlı izahat verməyə dair çağırışları mənfi cavablandırıb. Lakin sonradan Cənubi Koreyada etirazlar güclənib və nəticədə prezident Park vəzifəsini, eyni zamanda toxunulmazlığını itirməli olub.
Ali Məhkəmə tərəfindən prezidentlikdən alınan Cənubi Koreya lideri Park yaxın dostu Çoi-Soon ilə korrupsiya əlbirliyində olmaqda təqsirli bilinir. Çoi Soon prezident Park Geun ilə yaxın əlaqələrinin olmasından istifadə edərək bəzi şirkətləri öz nəzarətində olan qeyri-hökumət təşkilatlarına milyonlarla dollar hədiyyə verməyə məcbur qoymaqda günahlandırılır.
Xarici media məlumat verir ki, indi aparılan istintaq çərçivəsində prokurorların sabiq prezidenti gecə saatlarına qədər sorğu-sual edəcəyi gözlənilir.
O da bəllidir ki, sabiq prezidenti Cənubi Koreyada kifayət qədər insan müdafiə edir. Məlumata görə, onu müdafiə edənlər Cənubi Koreya bayraqları ilə bütün günü Park Geunin evinin ətrafında toplaşır və ona dəstək ifadə edirlər. Bununla belə, Park Geun istintaqla əməkdaşlıq edəcəyini bildirib.
Qeyd edək ki, prezident Park Geun paytaxt Seulda güclü mitinqlər və etirazlardan sonra vəzifədən gedib. Bu hadisə martın 10-da baş verib. Cənubi Koreyada yeni prezident seçkiləri mayın 9-da keçiriləcək.
Cavad