Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri bir sıra aspektdən diqqət çəkdi. Müxalifət nümayəndələrinə hücumlar, seçicilərə təzyiqlər, saxta bülletenlərin dövriyyəyə buraxılması təəccüblü deyildi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da seçkiyə ciddi müdaxilənin olduğunu, seçicilərə təzyiq edildiyini açıqladı. Lakin nəticə etibarilə seçki baş tutmuş hesab olunur və Ermənistan faktiki Parlament Respublikası üsul-idarəsinə keçdi. Çünki 2015-ci ilin 6 dekabr tarixində konstitusiyaya dəyişikliklər bağlı keçirilən referendumla Ermənistanın parlament üsul-idarəsinə keçidi haqda qərar qəbul edildi.
Referendumun nəticələrinə görə, aprelin 2-də keçirilən parlament seçkilərindən sonra yeni sistemin tətbiqinə start verilir. Lakin ölkə bu sistemə tamamilə 2018-ci ildə - Serj Sarkisyan prezidentlik müddətini başa vurandan sonra keçəcək. Sarkisyanın gələcək taleyini müəyyənləşdirmək üçün iki ilə qədər vaxtı var idi, amma seçki göstərdi ki, o, hər şeyi taleyin ümidinə buraxmaq niyyətində deyil. Nəticələr bunu sübut edir:
Hakim Respublika Partiyası 49,21 faiz səslə qalib gəldi. “Sarukyan” bloku 27,33 faiz, “Çıxış” bloku (ermənicə “Yelk”) 7,75 faiz, Daşnaksütyun partiyası isə 6, 59 faiz səslə parlamentə düşdü. Yerdə qalan “Erməni dirçəliş partiyası”, “Ohanyan-Raffi-Oskanyan” bloku, “Erməni Milli Konqresi”, “Azad demokratlar” partiyası və Ermənistan kommunist partiyası parlamentə düşmək üçün lazım olan 5 faiz baryeri aşa bilmədi. Nəticələr Ermənistanın gələcək siyasətini də müəyyən mənada aydınlaşdırır.
“Sarukyan” bloku: milyarder Qaqik Sarukyanın rəhbərlik etdiyi bu blok Serj Sarkisyanın partiyasından sonra ikinci pillədə qərarlaşıb. Sarkisyanın son bir ildə ona qarşı cəbhədə yer alan milyarderə parlamentə “giriş imkanı” verməsi diqqət çəkir. “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan vaxtilə qərbyönümlü partiyalardan – “İrs”, Daşnaksütyun və “Erməni milli konqresi”dən ibarət “dördlər ittifaqı”nda yer alırdı. Bu ittifaq Sarkisyan hakimiyyətinə qarşı əsas güc hesab olunurdu. Xüsusilə 2014-cü ildə ittifaq daha radikal siyasət yürüdürdü. “Dördlər ittifaqı” 2014-cü ilin aprelində baş nazir Tiqran Sarkisyanın rəhbərlik etdiyi hökumətə qarşı mitinqlərə başladı. Ən böyük mitinq isə aprelin 28-də İrəvanda təyin edilmişdi. Lakin Tiqran Sarkisyan qəfil postundan istefaya göndərildi, onun yerinə isə aprelin 14-də Ovik Abramyan təyin olundu. Və bununla nəinki “dördlər itttifaqı”nın mitinq planı təxirə düşdü, həmçinin, ittifaqın dağılma prosesi başlandı. Sarkisyan Ovik Abramyanı baş nazir təyin etməklə özünə qarşı əsas rəqib hesab etdiyi “dördlər ittifaqı”nı sıradan çıxarmaq gedişi də etdi. Çünki Abramyanın oğlu Sarukyanın qızını alıb və oliqarx qudasının baş nazir olduğu hökumətə qarşı çıxmamalı idi. Plan baş tutmuşdu, “Çiçəklənən Ermənistan” “dördlər ittifaqı”ndan uzaqlaşdı və Sarkisyana qarşı cəbhə dağıldı. Sarukyanla Sarkisyanın ittifaqı 2016-cı ilin 8 sentyabrına qədər davam etdi.
“Aprel müharibəsi”ndə məğlubiyyət Ermənistan daxilində ciddi çaxnaşmalar yaratdı. Müdafiə naziri Seyran Ohanyan, ordu rəhbərliyindəki bir sıra generallar istefaya göndərildi. İstefa dalğası Ovik Abramyana da çatdı. Əslində isə baş nazirin postundan uzaqlaşdırılması “məğlubiyyətdən çıxarılan nəticə” yox, Rusiyanın göndərdiyi Karen Karapetyana “yer açmaq” planının tərkib hissəsi idi. Bundan sonra Sarukyan Sarkisyanın yanında yox, qarşısında yer aldı. Və seçkini ikinci qalib partiya olaraq başa vurdu.
“Sarukyan” blokunun qalibiyyətində iki amil rol oynadı:
1. Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın yaratdığı “ORO” bloku ilə “Sarukyan” bloku arasında seçim etməli idi. Müqayisədə “ORO” daha təhlükəli idi. Bu blokun üzvü Samvel Babayanın Sarkisyana sui-qəsd planı təşkil etmək ittihamı ilə həbs edilməsi hakimiyyətin “ORO”-nu özünə əsas rəqib gördüyünü deməyə əsas verir. Qaqik Sarukyan isə oliqarxdır və Sarkisyan üçün “keçmiş dostu” ilə anlaşmaq o qədər də çətin deyil.
2. Təbii ki, Ermənistan parlamentində ikinci ən böyük partiyaya çevrilmək Rusiyanın icazəsi olmadan mümkünsüz idi. Rusiya isə Qərb xəttini seçmiş “ORO”-ya imkan verməzdi. Bu blokda təmsil olunan “İrs” partiyasının sədri Raffi Ovanesyan Amerika təhsili görmüş, Qərb dəyərlərini müdafiə edən şəxsdir. Keçmiş xarici işlər naziri Vardan Oskanyan da əsasən Avropa yolunu tutur və Ermənistanın Putin ittifaqlarında yer almasını tənqid edir. Keçmiş müdafiə naziri Seyran Ohanyan isə postunda olarkən, Rusiyanın əsas adamlarından hesab olunurdu. Lakin onun gözləntilərinin əksinə olaraq, Rusiya Ohanyanı sona qədər müdafiə etmədi və nazir postu ilə vidalaşmalı oldu. Moskva Karen Karapetyanı İrəvana baş nazir göndərməklə “keçmiş adamları”nın üzərindən xətt çəkdi. Ohanyan qərbyönümlü blokda məhz Rusiyadan qisas almaq hissi ilə təmsil olunurdu. Bu baxımdan, Moskvanın “Sarukyan” blokunun önündə “yaşıl işıq” yandırması təsadüfi deyil. Qaqik Sarukyanı isə istənilən anda zərərsizləşdirmək ruslar üçün çətin olmayacaq. Çünki oliqarxın Rusiyada biznes maraqları var. Əslində Moskva “aprel döyüşləri”ndən sonra mərkəzdənqaçma xəttini tutmuş Sarkisyan hakimiyyətini ram etmək, həmçinin, gələcəkdə İrəvanda daha yaxşı təşkilatlanmaq üçün bütün cəbhələrə öz adamını yerləşdirmək siyasətini izləyir. Hakim partiyada əsas fiqur Karen Karapetyan, parlamentdəki ikinci böyük fraksiyada isə Sarukyandır. Görünür, Rusiya keçmişdən dərs çıxarır.
Serj Sarkisyan da öz növbəsində Rusiyaya qarşı oyunu davam etdirir. Moskvadan uzaq olan iki siyasi qüvvənin parlamentə düşməsi bu oyunun bir hissəsidir.
“Çıxış” bloku: 7,78 faiz səslə fraksiya yaratmaq hüququnu qazanan blok qərbyönümlü hesab olunur. “Çıxış” blokunu bitərəf millət vəkili, “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan, müxalif millət vəkili, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan və “Respublika” partiyasının başçısı Armen Sarkisyan yaradıblar. Qərbyönümlü partiyanın parlamentə buraxılması İrəvan rejiminin “demokratik imic” gedişinin tərkib hissəsidir. Lakin daha dərin qatda Rusiyaya qarşı alternativ fikri inkişaf etdirmək planı görünür. Avrasiya İqtisadi İttifaqına daxil olan Ermənistan istədiyini ala bilmir, lakin, Putinin ittifaqına daxil olandan sonra çıxmaq asan məsələ deyil. İrəvan isə Avropa İttifaqı ilə də münasibətləri inkişaf etdirmək niyyətindədir. Hesab etmək olar ki: “Çıxış” blokunun parlamentə düşməsi Avropanın gözündə “demokratik Ermənistan” görüntüsü yaratmaq və münasibətlərdə daim “açıq qapı” saxlamaqdır; bununla yanaşı, hakimiyyət Rusiyanın tələbləri qarşısına istənilən an bu blokun “alternativ fikirləri”ni çıxararaq, daxildə anti-Rusiya mövqeyini də qorumaq niyyətindədir.
Daşnaksütyun partiyası: erməni millətçiliyinin əsas bazası olan bu partiyanın Ermənistan siyasətinə təsiri böyükdür. 1890-cı ildə Tiflisdə yaradılıb və Ermənistanın ən böyük, ən mütəşəkkil siyasi təşkilatı hesab olunur. Daşnaksütyunun erməni diasporunun fəaliyyət göstərdiyi bütün ölkələrdə büroları mövcuddur. Daşnaklar 1918 və 1920-ci illərdə Ermənistanda hakimiyyətdə olublar. 1900-cu illərin əvvəllərindən başlayaraq, azərbaycanlılara qarşı amansız soyqırımı siyasəti həyata keçiriblər.Partiya yarandığı dövrdən terror xəttini əsas istiqamət olaraq seçib. Əsas hədəf Türkiyə və Azərbaycan torpaqlarında “Böyük Ermənistan” yaratmaqdır. 1892-ci ildə partiyanın qəbul edilmiş proqramında deyilir: “Hədəf muxtariyyətin yaradılmasıdır, lakin əsas məqsəd Qərbi Ermənistanda (Türkiyənin şərqi-red) müstəqil erməni dövlətinin qurulmasıdır”. Mübarizənin əsas vasitələri isə “hakimiyyət nümayəndələrinə qarşı terror törətmək, viran qoymaq və dövlət müəssisələrini dağıtmaq”dır.
SSRİ yarananda daşnaklar xaricə köçür və anti-sovet mövqeyi tuturlar. Daşnaksütyun erməni diasporunun maddi imkanlarından istifadə edərək, Avropada, Asiyada, Şimali və Cənubi Amerikada bir çox kilsə təşkilatları, gənclərlə iş üzrə təşkilatlar və erməni məktəbləri yaradır. Həmçinin, erməni diasporunun KİV-lərinin yaradılmasında və formalaşmasında da böyük rol oynayır. Bununla yanaşı, Daşnaksütyun Avropada və ABŞ-da güclü erməni lobbisi yarada bilir və bu erməni lobbisinin köməyi ilə bir sıra Qərb dövlətlərinin parlamentlərində qondarma “erməni soyqırı”mının tanınmasına nail olur. 1970-80-ci illərdə daşnaklar erməni terrorçularını və terror təşkilatlarını aktiv dəstəkləyir, ASALA tərəfindən türk diplomatlarını qətlə yetirilməsi işinə həm maddi, həm də siyasi dəstək veriblər. SSRİ-nin dağılmasından sonra onlar Ermənistanda dirçəlməyə başlayırlar. Xüsusilə Dağlıq Qarabağ müharibəsində və Azərbaycan torpaqlarının işğalında terror vasitələrindən istifadə edirlər. 1994-cü ildə Ermənistan prezidenti Levon Ter-Petrosyan daşnakların fəaliyyətini qadağan edir. Partiyanın bəzi üzvləri həbs olunur. 1998-ci ildə isə Ter-Petrosyanı əvəz edən Robert Koçaryan Daşnaksütyun partiyasının fəaliyyətini bərpa edir.
Partiya 1999-cu ildən başlayaraq, Ermənistanda keçirilən bütün parlament seçkilərində iştirak edib. Daşnakların özlərinə məxsus “Ölkə” telekanalı fəaliyyət göstərir və onlar təbliğat işini əsasən bu kanal vasitəsilə həyata keçirirlər. Bu telekanal hakimiyyət tərəfindən himayə olunur. “Erməni milli konqresi” və digər müxalif partiyalardan fərqli olaraq, Daşnaksütyun partiyasının mitinqləri hakimiyyət tərəfindən məhdudlaşdırılmır. Bu partiyanın hakimiyyətin nəzarət etdiyi telekanallara da girişi qeyri-məhduddur. Daşnaklar 1999-cu il seçkilərində hökumətdə 1, 2007-ci il seçkilərində isə 4 nazirlə təmsil olunublar.
Partiyanın terror siyasəti indi də davam edir və əsas hədəfdə Türkiyə və Azərbaycandır. Daşnaklar 1920-ci il Sevr müqaviləsi ilə kağız üzərində yaradılmış “Böyük Ermənistan” tələbini əsas şüar olaraq seçiblər. Daşnaklar Türkiyədən qondarma “erməni soyqırımı”nı tanımağı, təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayətin Ermənistana birləşdirilməsini tələb edirlər. Həmçinin, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonu ilə yanaşı, onlar həyasızcasına Goranboy rayonunun cənub hissəsinə (buranı Şaumyan rayonu adlandırırlar) və Naxçıvan Muxtar Respublikasına iddia edirlər.
Daşnakların parlamentə düşməsinin arxasında üç hədəf var:
a) Sarkisyan onlar vasitəsilə erməni diasporunu dəstəyinin davam etməsinə çalışır. Çünki 2018-ci ildə postunu təhvil verəndən sonra müdafiə naziri olmaq istəyir. Onun gələcəyi isə “Qarabağ klanı”nın yeni siyasi sistemdə mövqelərinin qorunmasından asılıdır və daşnaklar məhz bu prosesdə ona ciddi dəstək verə bilərlər.
b) Daşnakların parlamentdə fraksiya yaratması Rusiyanın Ermənistan və Dağlıq Qarabağ münaqişəsinə dair planları qarşısında müqavimət gücünün artırmaq məqsədinə də xidmət edir.
Rusiya oliqarx Samvel Karapetyanın qardaşı, “Qazprom” şirkətinin əməkdaşı olan Karen Karapetyanı İrəvanda baş nazir postuna əyləşdirməklə Ermənistanın siyasi arenasında tamamilə sahib olmaq niyyətindədir. Faktiki olaraq, parlament respublikası üsul-idarəsində Ermənistana baş nazir, yəni Karen Karapetyan rəhbərlik edəcək. Rusiya Karapetyanın rəhbərlik edəcəyi Ermənistanda daha güclü olacaq, həmçinin, Dağlıq Qarabağ münaqişəsini təklif etdiyi plan çərçivəsində həll etmək imkanları genişlənəcək. Bu, mümkün gələcəkdə daşnaklar Rusiyaya qarşı cəbhənin güclənməsində rol oynayacaq. Dolayısı ilə “Qarabağ klanı” güclənəcək, bu isə Sarkisyana öz gələcəyini təmin etməyə də imkan verir.
c) Daşnakların parlamentdə siyasi qüvvə yaratmaları faktiki olaraq, erməni terrorun daha geniş vüsət alması deməkdir. Hesab etmək olar ki, Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları güclənəcək, hətta Ankara və Bakıya qarşı açıq hücumlara cəhd oluna bilər.