ABŞ vitse-prezidenti Maykl Pens Amerikanın Cənubi Koreyadakı hərbi bazasına gəlib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Reuters məlumat yayıb.
Pens Şimali Koreyanın uğursuz raket sınağından bir gün sonra vertolyotla bazaya gəlib. Baza KXDR ilə sərhədin yaxınlığında yerləşir.
ABŞ-ın vitse-prezidenti Koreya yarımadasında demilitarizasiya edilmiş zonaya baş çəkib. Amerikalı hərbçilər qarşısında çıxış edən Pens ABŞ-ın Şimali Koreyaya qarşı münasibətlərdə səbrinin tükəndiyini deyib. O əlavə edib ki, Şimali Koreyaya qarşı görüləcək bütün tədbirlər masadadır: "Pxenyan hökuməti şübhə etməməlidir ki, ABŞ-ın Şimali Koreyanın nüvə proqramına qarşı müttəfiqləri ilə birlikdə mübarizə aparacaq".
Bu arada Şimali Koreyada silahlı qüvvələrin yeni növü yaradılıb. Məlumatlarda bildirilir ki, xüsusi taktiki qüvvələr adı verilən birləşməyə quru, hava və dəniz qüvvələrinin tərkibi daxil edilib.
Qeyd edək ki, ABŞ Şimali Koreyaya raket sınaqlarından çəkinməklə bağlı xəbərdarlıq edib və bunun qarşısının alınması məqsədi ilə Koreya yarımadasına "Karl Vilson" aviadaşıyıcısını göndərib. Pxenyan isə bu təzyiqlərdən çəkinmədiyini bəyan edib, aprelin 15-də yeni ballistik raketini sınaqdan keçirib. Sınaq uğursuz alınıb.
Samir