Beləliklə, Teleqraf.com dünyanın ən bahalı 10 prezident təyyarəsini təqdim edir:
1. “Boing 777 300 ER” – Banqladeş Prezidentinin xidməti təyyarəsi
Bu təyyarə Banqladeşdən Avropaya birbaşa uça bilir. Bir cüt sürət mühərrikinə malik təyyarənin 260 milyon dollarlıq dəyəri Banqladeş xalqının kasıb həyat tərzi ilə paradoks təşkil edir.
2. “Aerobus A 340 600” – İordaniya Kralının xidməti təyyarəsi
76 metr uzunluğunda olan bu təyyarə məşhur “Rols roys” mühərriki ilə işləyir. Ən müasir texnologiya əsasında quraşdırılmış təyyarə eyni zamanda ən təhlükəsiz təyyarələrdən hesab olunur. Eniş eləmədən havada 14630 kilometr məsafə qət edə bilir. Qiyməti isə 275 milyon dollardır.
3. “Boing 747 400” – Yaponiya Baş nazirinin xidməti təyyarəsi
300 milyon dollarlıq bu təyyarə 4 mühərriklidir və saatda 916 kilometr sürətə çata bilir. 70 metr qanad enində bu təyyarə qüsursuz aerodinamikaya malikdir.
4. “Boing 747 SP” – Yəmən Prezidentinin xidməti təyyarəsi
Dünyanın ən baha təyyarələri arasında yer alan bu xidməti hava maşını 2015-ci ildə Ədən hava limanında yanaraq yararsız vəziyyətə düşüb. Prezident Mənsur Hadinin hadisədən sonra eyni parametrləri olan 300 milyonluq yeni təyyarə alması daxili qarşıdurma yaşayan xalqda böyük narazılıq yaradıb.
5. “Boing 747 200 B” – ABŞ Prezidentinin ehtiyat xidməti təyyarəsi
ABŞ prezidentlərinin ehtiyat saxladıqları bu təyyarə saatda 1100 kilometr sürətə çıxa bilir. 4 turbo mühərrikə malik, 325 milyon dollar dəyərində təyyarənin interyeri son dərəcə lüks dizayn edilib.
6. “Air Force One” (Eir Fors Van) – ABŞ Prezidentinin əsas xidməti təyyarəsi
Dəfələrlə kinolarda görünmüş, ABŞ prezidentlərinin istifadə etdiyi əfsanəvi təhlükəsizlik sistemi və xüsusi imkanlara malik bu təyyarənin lüks daxili interyerində konfrans otağı, prezidentin iş otağı və təyyarənin texniki heyəti üçün nəzərdə tutulmuş guşələr mövcuddur. Təyyarənin dəyəri 325 milyon dollardır.
Donald Trampın prezident seçilməsindən sonra “Air Force One” üçün yeni dizayn təklif edilib.
7. “Boing 767” – Zimbabve Prezidentinin xidməti təyyarəsi
Prezident Muqabenin 400 milyon dollara aldığı zaman ölkədə tənqidlərə məruz qalan bu təyyarə tam mənasıyla “uçan möcüzə” hesab olunur. İçərisi olduqca lüks dizayn edilmiş təyyarədə hər şey var...
8. “Aerobus A380” – Səudiyyə Ərəbistanı vəliəhdinin təyyarəsi
Səudiyyə vəliəhdinin 500 milyon dollara aldığı bu təyyarənin beşulduzlu oteldən heç bir fərqi yoxdur. 800-dən çox sərnişin daşıma qabiliyyətinə malik – SPA, sauna və yeməkxanası olan “otel-təyyarə”də vəliəhd üçün xüsusi hazırlanmış “uçan xalça” adlı otaq da var. Bu, vəliəhdin sayca dördüncü təyyarəsidir.
9. “Boing 747” – Səudiyyə Ərəbistanı Kralının təyyarəsi
Səudiyyə Ərəbistanı Kral ailəsinin demək olar ki, bütün üzvlərinin lüks təyyarə vurğunu olduğu deyilir. Kral üçün 520 milyon dollara alınmış bu ultra-lüks təyyarə “uçan saray” adlandırılır. Təkcə interyerə 150 milyon dollar xərcləndiyi deyilir. Təyyarədə ağla gələn hər cür lüks şərait yaradılıb.
10. ”Boing 787 8 Drimlayner” – Meksika Prezidentinin xidməti təyyarəsi
Dünyanın ən bahalı təyyarəsi Meksika Prezidentinin istifadəsindədir. 600 milyon dollar dəyərində olan bu təyyarə saatda 1852 kilometr sürətlə uça bilir.
Təyyarə Yer kürəsinin şərq nöqtəsindən ən ucqar qərbinə kimi birbaşa uçmaq imkanına sahibdir.
İlhamə ƏBÜLFƏT