1 İyul 2017 09:07
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək “Böyük iyirmilik” sammitinin ən əhəmiyyətli cəhəti Donald Trampla Vladimir Putinin görüşü ola bilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

O qeyd edib ki, digər böyük dövlətlərin hamısının başçıları Trampla görüşüblər: “Trampın nə istədiyi bilinmir. O, Amerikada qalmağa çalışır. Ancaq istəyirlər ki, onu qazıyıb çıxarsınlar, kənara atsınlar. Onun yerində vitse-prezident Mayk Pensi əyləşdirsinlər. Pens də əhli-haldı. Amerika hakim zümrəsinin dediyi sözü demək istəyir. Görünür, Tramp fərqli demək istəyib. Onun dediyini də oturuşmuş hakim zümrə qəbul etmək istəmir. İndi Tramp özünü Amerikaya sırımağa çalışır, “məni xalq seçib” deyib durur. Deyir ki, ay hakim zümrə, siz də məni qəbul edin. Buna görə də Tramp oranı bombalayır, bunu hədələyir. İstəyir ki, Amerika onu qəbul etsin. Desinlər ki, hə, bu ənənəvi Amerika xarici siyasətini davam etdirə bilən prezidentdir. Vəssəlam. Amerikada vəzifə davası gedir. Bu davanın təsirləri özünü dünyaya da göstərir”.

Z.Əlizadə Tramp-Putin görüşündən heç nə gözləmədiyini vurğulayıb: “Mövqelər çox fərqlidir. Bilirsiz, hansısa nəticə gözləmək üçün gərək əvvəlcə xarici işlər nazirləri, sonra ekspertlər görüşüsünlər, müzakirələr aparsınlar. Onlar mövqeləri yaxınlaşdırırlar, ortaq məxrəc tapırlar, hansısa güzəştlər əldə edirlər. İndiki halda biz beynəlxalq aləmə, hadisələrin cərəyan etməsinə baxırıq, görürük ki, Amerika ilə Rusiyanın mövqeləri bir-birindən çox kəskin şəkildə fərqlənir. Tramp bəlkə də Putinlə dil tapmaq istəyər, amma Amerikanın hakim zümrəsi buna imkan verməz. Tramp sabah Putinlə hansısa razılaşma əldə etsə, qayıdan kimi onun mitilini bayıra atacaqlar. Deyəcəklər ki, sən xainsən, Amerikanın milli maraqlarına xəyanət etmisən. Amerikanın hakim zümrəsi Rusiyanı diz çökdürmək siyasəti aparır, onu konfrontasiyaya çəkirlər. Konfrontasiya xəttindən fərqli hansısa bir addım atan Amerika prezidenti o saat impiçmentə məruz qalacaq”.

Z.Əlizadə Trampın manevr imkanının olmadığını vurğulayıb: “Putinin də manevr imkanı yoxdu. Çünki əgər o, “biz Krımı tutmaqla, Donetsk və Luqanska öz əsgərlərimizi göndərməklə səhv etmişik” desə, bu, onun indiyədək yürüdülən siyasətin səhv olduğunu etiraf etməsi olacaq. Amerika da deyə bilməz ki, “biz Ukraynanı səndən ayırmaq üçün orda əks-inqilab yaratmışıq, çevriliş etmişik. Onlar da bunu deyə bilməzlər. Yəni, tərəflərin möveqləri bir-birindən çox kəskin fərqlənir. Ona görə də mən düşünmürəm ki, hansısa bir nəticə əldə ediləcək”.
Qeyd edək ki, “Böyük iyirmilik” ölkələrinin sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin ilk görüşü gözlənilir. Həm Vaşinqton, həm də Moskva belə bir görüşün keçirilməsi istiqamətində iş aparıldığını təsdiqləyib.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər