4 İyul 2017 13:30
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Əbülfəs Qarayev bildirib ki, iki qonşu və dost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir: “Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb.

Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir. Yaxin gələcəkdə Azərbaycanda “ASAN viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limaninda deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək”.

Əbülfəs Qarayev qeyd edib ki, bu il Novruz bayramında 65 min iranlı Azərbaycana turist səfəri edib: “İranlılar Azərbaycanda özlərini çox rahat hiss edirlər. Bunun səbəbi hər iki xalqın milli ənənələri ilə mətbəxinin oxşar olmasıdır”.

Əbülfəs Qarayev bildirib ki, İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı olaraq turist səfərlərini təşkil etmələri zəruridir: “Bu firmalar turistləri qruplara ayıraraq ziyarət, səhiyyə, macəra turizmini təşkil etməlidirlər ki, turistlərin istəkləri həyata keçsin”.

Nazir İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb: “Mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək”.

Əbülfəs Qarayev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Ermənilər işğal etdikləri torpaqlarda Azərbaycanın mədəni irsinə qarşı soyqırımı siyasəti həyata keçirirlər. Erməni vandalları minlərlə tarixi abidələri, məscidləri qəsdən məhv edərək özlərini bu torpaqların sahibi kimi qələmə verməyə çalışırlar. Xudafərin körpüsü Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirir. Bu körpü Azərbaycanın işğal edilmiş torpaqları ilə İran arasında qalıb”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər