Peterburqlu blogger Stanislav Dumkinin Moskvada, Qorki parkında döyülməsinə dair görüntülər internetdə yayılıb.
Teleqraf.com mk.ru-ya istinadən xəbər verir ki, insident avqustun 13-də baş verib. "İzvestiya"nın yaydığı görüntülərdən aydın olur ki, iki gənc yaxın məsafədə dayanaraq, mübahisə edirlər. Daha sonra onlardan biri digərini itələyir, ardınca isə ona iki zərbə vurub yerə yıxır.
Bundan əvvəl isə konfliktdə 3 sərxoş kişinin iştirak etdiyi açıqlanmışdı. Onlar 25 yaşlı bloggerin şlyapası və eynəyini çıxararaq, ona duzgün geyinmədiyini irad tutublar. Daha sonra isə dava düşüb və blogger aldığı zərbələrdən huşunu itirib. Komaya düşən Stanislav Dumkin bir həftə sonra xəstəxanada dünyasını dəyişib.
Münaqişə zamanı parkda yüzlərlə adam olsa da, heç kim köməyə gəlməyib. Hətta təcili yardım belə çağırılmayıb. Mərhumun atası isə asayiş keşikçilərini hərəkətsizlik və biganəlikdə ittiham edib.
Bazar günü axşam Rusiya İstintaq Komitəsi bloggeri ölümcül döyən gəncin şəxsiyyətini müəyyən edib. Lakin onun adı açıqlanmayıb. Yalnız o bildirilib ki, bloggeri döyən və istintaqdan yayınan şəxs 1994-cü il təvəllüdlü Moskva sakinidir.
Bəzi Rusiya KİV-ləri isə söhbətin tanınmış aktyor Sergey Makarovun 23 yaşlı oğlu Korne Makarovdan getdiyini açıqlayıblar. Hazırd bu məlumatın düzgün olub-olmadığı yoxlanılır.