Tacikistana Rusiyadan 29 müəllim gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
Qəzetin yazdığına görə, Rusiya Federasiya Şurasının dəstəyi ilə baş tutan bu layihə 2016-cı ilin oktyabrında Şura sədri Valentina Matviyenkonun Tacikistana işgüzar səfərində prezident İmaməli Rəhmanla görüş zamanı razılaşdırılıb.
Ölkənin orta məktəblərinin rus sektorlarında müəllim çatışmazlığından xəbərdar olan Valentina Matviyenko Rusiya qubernatorlarından Tacikistana müəllim göndərməyi xahiş edəcəyinə söz verib. Beləliklə, Orenburq, Kostroma və Kemerovsk vilayətlərindən, eləcə də Dağıstan, Başqırdıstan və Tatarıstandan 29 müəllimdən ibarət qrup təşkil olunub.
Müəllimlərin bəzisi ailəsi ilə gəlib. Onlar ölkənin müxtəlif bölgələrində, eləcə də paytaxt Düşənbədə çalışacaqlar.
Rusiyalı müəllimlər mənzillə təmin olunacaq, 233 dollar ekvivalentində maaş alacaqlar. Rusiya Elm və Təhsil Nazirliyi isə həmin müəllimlərə 60 min rubl (1000 dollar) əlavə pul verəcək.
Rusiya Tacikistana xeyli tədris kitabları da göndərib.