8 Sentyabr 2017 18:11
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi hələ iyulda “Agile Spirit 2017” (“Zirək ruh 2017”) NATO təlimlərində iştirakını təsdiq etmişdi.

Teleqraf.com gürcü mediasına istinadla xəbər verir ki, bu fikirlər Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr və strateji kommunikasiyalar departamentinin bəyanatında əks olunub.

Sənəddə vuğulanıb ki, ötən il 2017-ci ilin sentyabrın 3-dən 12-dək çoxmillətli hərbi təlimlərin keçirilməsi barədə fəaliyyət planı təsdiq edilib. NATO-nun icazəsi ilə Gürcüstan bu il fevralın 2-də iştirakçı dövlətlərə, o cümlədən Ermənistana dəvət göndərib. Bildirilib ki, bu müddət ərzində keçirilən iclaslarda təlimlərdə iştirak edəcək dövlətlər və hərbi qulluqçuların sayı, logistika məsələləri, təlimin istiqamətləri barədə dəqiqləşmələr aparılır.

Gürcüstan MN bəyan edib ki, Ermənistanın silahlı qüvvələrinin iki nümayəndəsi iyulun 10-13-də Gürcüstandakı son planlaşdırma iclasına qatılıb və beynəlxalq təlimlərdə üç erməni zabitinin iştirakını təsdiq edib: “Təlimlərin aktiv mərhələsinin başlanğıcına az müddət qalmış erməni zabitlərinin təlimlərdə iştirakdan imtinası barədə məlumat daxil oldu. Ermənistan tərəfi imtinanın səbəblərini izah etməyib”.

Təlimlərdə 7 ölkədən 1500-dən çox hərbi qulluqçunun iştirak etdiyi qeyd olunub.

Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi Giorgi Kaçarava təlimlərin başladığı gün - sentyabrın 3-də ermənilərin təlimlərdən boyun qaçırdığını deyib. O, imtina səbəbinin ona məlum olmadığını vurğulayıb.

Ermənistan Müdafiə Nazirliyi isə təlimlərdə iştirak barədə razılıq vermədiklərini söyləyərək Gürcüstan tərəfini ittiham edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər