Polşa Xarici İşlər naziri Vitold Vaşikovski Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə bağlı Ukraynada baş verən insidentə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bunu “siyasi oyun” adlandırıb:
“Bu, Ukrayna hökumətinin növbəti siyasi oyunudur”.
Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olan Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Bundan sonra sabiq qubernator Ukraynaya qayıdacağını elan edib. Dünən axşam saatlarında Saakaşvili Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.
Bununla əlaqədar Ukrayna Daxili İşlər Nazirliyi Saakaşviliyə qarşı cinayət işinin başlandığını bildirib.