Misirdə Müsəlman Qardaşları Hərəkatının lideri kimi tanınan Məhəmməd Mehdi Akif həbsxanada vəfat edib.
Teleqraf.com xəbər verir ki, Məhəmməd Mehdi Akifin vəfatı xəbərini qızı Ulya təsdiq edib.
Məhəmməd Mehdi Akif Qahirədəki ailə məzarlığında dəfn edilib. Dəfndə mərhumun yalnız ən yaxın qohumlarının iştirakına icazə verilib.
Qeyd edək ki, Məhəmməd Mehdi Akifin səhhəti saxlanıldlığı həbxsanada pisləşib. Onu Kəsr-Əl-Ayni Xəstəxanasına aparıblar. Ancaq liderin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, ömürlük azadlıqdan məhrum edilən Akif haqqında verilmiş ağır cəza ötən ay qüvvədən salınıb və barəsində yeni məhkəmə prosesi başlayıb. Məhəmməd Mehdi Akif Müsəlman Qardaşları Hərəkatının Rəhbərlər Şurasının sədri postunda olub.
2010-cu ildə o bu posta namizəd olmayacağını elan etmişdi. Mərhum hərəkatda yeniçilik qanadının təmsilçisi kimi xarakterizə olunurdu. Misirdə baş verən 2013-cü ilin iyul çevrilişindən dərhal sonra həbs edilmişdi.
İxtisasca hüquqşünas olan Akif 1954-cü ildə Misirdə həbs edilib və barəsində ömürlük həbs cəzası çıxrılıb. Lakin 1974-cü ildə həbsdən buraxılıb. 1987-ci ildə isə Qahirədən Misir parlamentinə deputat seçilib.
1996-cı ildə yenidən həbs edilib. 1999-cu ildə azadlığa çıxan Məhəmməd Mehdi Akif 2009-cu ildə İordaniya Krallığının İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən İslam dünyasının 12 nüfuzlu şəxsindən biri seçilib.
1928-ci ildə doğulan Məhəmməd Mehdi Akif ömrünün 27 ilini həbsxanalarda keçirib.