ABŞ hakimiyyətinin Pakistanı hədəfə alan açıqlamaları xalqda ölkəyə qarşı xəyanət hissi yaradıb.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Pakistan Quru Qoşunları Komandanı, general Kamar Cavid Bajva deyib.
Pakistan ordusundan verilən açıqlamaya görə, general Kamar Cavid Bajva ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı, general Cosef Votellə iki ölkə arasında hərbi məsələləri müzakirə edib.
ABŞ Prezidenti Donald Trampın Pakistanı hədəfə alan açıqlamalarından sonra bu müzakirələr ilk rəsmi təmasdır. Görüş zamanı general Bajva deyib ki, Pakistan terrorla mübarizədə qərarlıdır.
General Bajva ABŞ-ın ötən həftə Pakistana 900 milyon dollarlıq hərbi yardımları dayandırmaq qərarını da tənqid edib: “Biz bu yardımların yenidən gözdən keçirilməsini istəmirik. Sadəcə terrora qarşı mübarizədə cəsarətli addımlarımızın qəbul edilməsini gözləyirik. Amerika hökumətinin Pakistanı hədəfə alan açıqlamaları xalqımızda xəyanətlə üzləşmək hissi yaradır. Pakistan terrora qarşı mübarizə ABŞ-ın yardımı olmadan da yoluna davam edəcək”.
General Cosef Votell isə deyib ki, ABŞ-Pakistan münasibətlərində gərginliyin müvəqqəti olacağına ümid edir.