ABŞ-ın PYD/YPG bazası əsasında 30 minlik Suriya Demokratik Gücləri (SDG) adı altında ordu qurması hazırda Türkiyə-Amerika münasibətlərinin ən gərgin nöqtəsi hesab olunur. Məhz bu səbəbdən də indi bütün diqqət ABŞ Dövlət katibi Reks Tillersona istiqamətlənib.
Teleqraf.com xəbər verir ki, dövlət katibi bu gün Bakı vaxtı ilə saat 20:30-da Stanford Universitetinin düşüncə mərkəzi olan Hoover İnstitutunda ABŞ-ın Suriya strategiyasını açıqlayacaq.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti uzun müddətdir ki, Ağ-Evin milli təhlükəsizlik təşkilatı ilə birgə “İŞİD-lə müharibənin başa çatmasından sonra Vaşinqtonin Suriyada keçid mərhələsi prosesində strategiyası”nın nədən ibarət olmasına dair sənəd üzərində işləyir. Bu sənəddə əhəmiyyətli məqamların olduğu ifadə olunur.
Türk mediasının əldə etdiyi bilgilərə görə, Tillersonun kritik Suriya çıxışında ABŞ-ın Suriya Demokrat Güclərinin Cenevrə prosesində iştirakına dəstək verib-verməyəcəyi aydınlaşacaq.
Eyni zamanda rəsmi Ankaranın son günlər yüksək səviyyədə etirazları nəzərə alınaraq çıxışın bu hissəsində “Şimali şərqi Suriyada olan bütün etnik qrupların təmsili” ifadəsindən istifadə ediləcək.
Ehtimallara görə, Türkiyənin Suriya mövzusunda nə dərəcədə həyatı bir müttəfiq olduğu vurğusu da ABŞ dövlət katibinin ölkəsinin Suriya trategiyasını açıqlayacağı mətndə bildiriləcək. Bununla paralel olaraq çıxış zamanı Türkiyənin Suriya prosesində dilə gətirdiyi qayğıların dərinləşdirilməsi yalnız ehtimal oluna bilər.