ABŞ Prezidenti Donald Trampın Tvitter hesabında ona tənqidi mesaj göndərənləri qara siyahıya salmasına dair məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim bunun konstitusiya ilə bağlı qarmaqarışıq məsələ olduğunu deyib. Hakim Trampa məsləhət görüb ki, mesajlarını bəyənmədiyi izləyicilərini qara siyahıya salmasın, əvəzində onların mesajını səssizə alsın.
Qeyd edək ki, hazırda Tramp Tvitterdə onu izləyən 7 istifadəçini qara siyahıya saldığı üçün Nyu York Məhkəməsində hakim tərəfindən araşdırılır. Hakim Trampa “xoşalmadığın izləyicilərdən gələn mesajları səssizə qoya bilmək imkanın olduğu təqdirdə niyə əngəlləyirsən”, - sualını ünvanlayıb.
Bildirilir ki, Trampın qara siyahıya saldığı 7 izləyicisi bunun konstitusiya haqlarına qarşı olub-olmadığını müəyyən etmək məqsədilə məhkəməyə üz tutub.
Hakim deyib ki, həm iddiaçıların, həm də prezidenti razı salacaq bir həll variantı tapa bilmir.
Ədalət Nazirliyini təmsil edən vəkil Mixail Baer isə deyib ki, Tvitter istifadəçilərini həm qara siyahıya atmaq, həm gələn bildirişlərini səssizə qoymaq prezidentin azad münasibət qurmaqda sərbəstlik hüququndan doğur. Vəkil deyib ki, prezident istədiyi şəxsi qara siyahıya, istədiyini isə səssizə qoymaqda azaddır.
Qeyd edək ki, Tvitter paylaşımları səbəbindən hazırda prezidentlə bağlı məhkəmələrdə 3500 iddia var. Məlumata görə, bu iddiaların 1900-dan çoxu Tramp tərəfindən qaldırılıb.