Rusiya Prezidenti Vladimir Putin 2014-cü ildə içərisində bomba olan və Soçi Qış Olimpiyada oyunlarının açılış mərasimini hədəfə alan “Peqasus” şirkətinə məxsus sərnişin təyyarəsinin vurulma əmrini verdiyini etiraf edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Ukraynadan Türkiyəyə uçan və 110 sərnişinin olduğu təyyarənin qaçırılması ilə bağlı kəşfiyyat məlumatları əldə etdiklərini deyib:
“Mənə bu təyyarənin qaçırıldığını və Soçidə keçiriləcək açılış mərasimini hədəf aldığını, hazırda Soçiyə enmək üçün icazə istədiyini bildirdilər. Mən də onlara “Plana görə hərəkət edin” təlimatını verdim. Bu təlimatdan sonra başqa zəng gəldi və siqnalın yalan olduğunu dedilər”.
Qeyd edək ki, Putinin təlimatı təyyarənin vurulması əmrinin verilməsi demək idi. 2014-cü il fevralın 7-də baş verən hadisə zamanı Xarkov-İstanbul səfərini həyata keçirən Boinq 737-800 tipli təyyarə daha sonra Soçidə deyil, İstanbulda eniş edib. Həmin dövrün valisi Hüseyn Avni Mutlu sərnişinlərin hamısının xilas edildiyini, hava piratının isə zərərsizləşdirildiyini açıqlamışdı.