ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizədliyi irəli sürülən Cina Haspel haqqında ciddi iddialar səsləndirilir.
Teleqraf.com xəbər verir ki, MKİ-nin yeni direktorunun namizədliyini ABŞ-ın qanunverici orqanı təsdiq etməlidir.
Lakin indidən Konqres üzvlərinin fikirlərində ciddi haçalanma müşahidə olunur.
Cina Haspelin kəşfiyyat xidmətində 30 ildən yuxarı təcrübəsi var. Yeni direktorun adı MKİ-nin Tailandda qurulan və ABŞ-ın xaricdə ilk həbsxanası hesab olunan məhbəsə rəhbərlik etməkdə, Əl-Qaidə təşkilatına üzvlükdə şübhəli bilinən iki Səudiyyə Ərəbistanı vətəndaşına işgəncə verməkdə hallanır.
Sabiq ABŞ prezidenti Barak Obama MKİ-nin məxfi həbsxanalarını məhz bu səbəblərdən qapatmışdı.
61 yaşlı Hapsel Vaşinqtondakı MKİ-nin məxfi əməliyyatlarına dəstək verən Milli Klandest Xidmətində də direktor müavini işləyib.
Ötən il o, “qara məkan” kimi tanınan məxfi həbsxanada işgəncə iddialarına rəğmən, MKİ direktoru Pompeonın müavini postuna gətirilib. Həmin zaman Pompoe Cina Haspeli “nümunəvi kəşfiyyat əməkdaşı” olaraq təqdim edib.
ABŞ Prezidenti Donald Tramp Cina Haspeli MKİ direktoru vəzifəsini təklif etməsindən qürur duyduğunu deyib. Amma onun bu vəzifəyə gəlməsi üçün ABŞ Senatının razılığı lazımdır. Senatın Kəşfiyyat Komitəsinin respublikaçı rəhbəri Riçard Burr Haspelin namizədliyini dəstəkləməyə hazır olduqlarını bildirib. Demokrat senator Ron Viden isə deyib ki, Haspel ABŞ kəşfiyyat qurumunun rəhbərliyinə gətirilsə, hökumət onun keçmişdəki narahatlıq doğuran fəaliyyətinin üzərini örtə bilməyəcək.
2002-ci ildə Əl-Qaidə şübhəlisi olan Əbu Zübeyd və Əbdürrəhman Əl Naşri MKİ-nin Tailandda olan məxfi həbsxanasında dindirilmə zamanı ciddi işgəncələrə məruz qalıb. İnsan haqları təşkilatları bu işgəncələrin xanım Cina Haspelin rəhbərlik altında icra olunduğunu bəyan edir.
Məxfiliyi qaldırılan MKİ sənədlərində təkcə Əbu Zübeydin bir ayda 83 dəfə “vaterboardinq” işgəncəsinə məruz qaldığı ortaya çıxıb. Bu işgəncə metoduna görə dindirilən şəxsdə suda boğulma hissi yaradılıb.
Bundan başqa, Əbu Zübeydin yatmasına imkan verilməyib və o, digər sərt işgəncələrə məruz qoyulub.
Uzun işgəncələrdən sonra MKİ əməkdaşları Zübeydin işə yaramayacağı qənaətinə gəliblər. Sonradan MKİ-nin bu dosyeləri yoxa çıxıb. Ancaq ABŞ mediası iddia edir ki, sənədlərdə işgəncə əmrlərini Cina Haspelin verdiyi təsdiqlənir.
Haspel özü isə iddiaları rədd edir, sənədlərin müvafiq əmrlər əsasında yox edildiyini bildirir.
ABŞ-ın insan haqları təşkilatı “Reprieve”nin rəhbəri Maya Foa Hapselin MKİ rəhbərliyinə uyğun namizəd olmadığını deyib və Trampı həyatda uğursuz olan şəxslərə etimad göstərdiyinə görə tənqid edib.
Yeni MKİ direktoru haqqında daha bir maraqlı fakt odur ki, Cina Haspelin Avropa Birliyi ölkələrinə girişi şübhə altındadır. Burada onun həbs olunması ehtimalı var.
Bu iddia ilə MKİ və NASA-nın sabiq əməkdaşı Edvard Snouden çıxış edib:
“İnsanlara işgəncə verən yeni MKİ direktoru Cina Haspel barəsində Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi Almaniya prokurorluğuna müraciət edib. Həbs riski olduğu üçün Cina Haspel məxfi xidmətlərin rəhbərləri ilə görüşmək üçün Avropa Birliyinə səfər edə bilməyəcək”.
Beləliklə, Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi alman hakimlərdən Haspel haqqında həbs qərarı çıxarmağı tələb edib.
Mərkəz eyni zamanda Haspel haqqında Almaniya və Avropa Birliyi ölkələrinin həbs qərarı çıxarmasını tələb edir.