Bir neçə gündür davam edən etirazlara baxmayaraq, Ermənistan parlamenti Serj Sərkisyanın baş nazirlik postuna namidəzliyini dəstəkləyib. Bu fakt beynəlxalq KİV-lərin diqqətindən qaçmayıb.
Teleqraf.com xəbər verir ki, BBC telekanalının rəsmi saytında “Ermənistan parlamenti etirazlara baxmayaraq, yeni baş naziri and içməyə gətirir” başlıqlı material yerləşdirilib.
Yazıda etirazların başında duran “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın etirazları “Məxməri inqilab” adlandırması diqqətə çatdırılıb:
“Biz bütün dövlət sistemini iflic etməliyik və hakimiyyət xalqın əlinə keçməlidir. Serj Sərkisyan görməlidir ki, onun idarə edə biləcəyi Ermənistan və xalq yoxdur”.
Məlumatda həmçinin, hazırda Ermənistanda vəziyyətin gərgin olduğu qeyd edilib:
“İrəvanda bir çox küçələr, dövlət idarələri və xüsusi əhəmiyyətli obyektlər bağlanıb. Etirazlar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Azı 70 etirazçı həbs edilib, çoxlu insan yaralanıb.
Ermənistan polisinin etirazçılara qarşı zorakılıqları dünyaca məşhur “Doyçe Vele”, “Qardian”, “Vaşinqton Post”, “Assoşieyted Press” və “Nyu York Tayms” kimi nəşrlərin dünya bölümlərində manşet yazısı kimi təqdim edilib.
Xatırladaq ki, Sərkisyan 2008-ci ildən prezidentlik postuna əyləşdiyi ilk günlərdən uğursuzluqla qarşılaşıb. Seçkilərin nəticələri açıqlandıqdan dərhal sonra ölkədə kütləvi iğtişaşlar başladı. İğtişaşlar zamanı 10 nəfər həlak oldu, çoxlu insan yaralandı və həbs edildi. Hadisələrdə günahkar olan şəxslər hələ də cəzalandırlmayıb.