ABŞ bütün dünyaya, o cümlədən qonşularına, Çinə, Avropa İttifaqı ölkələrinə ticarət müharibəsi elan edib. Bir çox mallara yeni gömrük rüsumları təyin edib. Çindən gələn məhsullara 250 milyard dollar əlavə gömrük rüsumu tədbiq olunacaq. Kanada, Meksika, Aİ ölkələrindən gətirilən malların da gömrük rüsumları artırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert qeyd edib ki, bu, ABŞ-ın yerli istehsalçıları və əhalinin bir qisminin maraqlarına uyğundur:
“ABŞ-da olanlar bilir ki, satışdakı gündəlik tələbat mallarının böyük əksəriyyəti Çin və Meksika istehsalıdır. Bu gün Trampın populist və etatist addımları ABŞ patriotlarına ləzzət etsə də, cəmi bir neçə ay sonra əvvəllər aldıqları malları 20-25% baha alanda artıq o hissləri unudacaqlar.
Dünyada heç bir ölkə, o cümlədən ABŞ da bütün mallarla özünü təmin edə bilməz, bu, mümkün deyil, həm də iqtisadi məntiqə uyğun gəlmir”.
Natiq Cəfərli qeyd edib ki, istənilən ticarət müharibələrinin, gömrük və vergi artmasının ödəyicisi sonda mütləq sadə vətəndaşlar, alıcılar olur:
“ABŞ vətəndaşları da Trampın ilk baxışdan daxili istehsalçını qorumaq adı altında atdığı addımların bədəlini ödəməli olacaqlar, ciblərinə dəyən ziyan vətənpərvərliyə qalıb gələcək”.