SSRİ Dövlət Mükafatı laureatı, Gürcüstanın xalq artisti, görkəmli müğənni, kinoaktyor, ssenarist və kinorejissor Vaxtanq Kikabidzenin “Alman dalğası” radiosuna müsahibəsi zamanı keçmiş ittifaq haqqında söylədiyi fikirlərə hələ də reaksiyalar gəlir.
Teleqraf.com xəbər verir ki, Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin birinci müavini, tanınmış rejissor Vladimir Bortko Kikabidzenin açıqlaması ilə bağlı bunları deyib:
“Vaxtanq Kikabidze məşhurluğu Sovet İttifaqında əldə edib. Ona görə də onun bəyanatı ən azı qəribədir”.
V.Kikabidzenin fikirlərinə bundan öncə ən sərt reaksiyanı Rusiya Federasiyası Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov göstərib. O, V.Kikabidzenin malik olduğu mövqeni yalnız SSRİ-nin sayəsində əldə etdiyini bildirib. Əlavə edib ki, əks-təqdirdə o, Avropa sərhədləri daxilində az tanınan müğənnilərdən biri idi.
Qeyd edək ki, V.Kikabidze Sovet İttifaqının gerbindən zəhləsinin getdiyini, SSRİ-nin parçalanmasından məmnun olduğunu, hətta bu münasibətlə qonaqlıq verdiyini, Rusiyanın da SSRİ-nin yolunu getdiyini bildirmişdi.