30 İyun 2018 09:15
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin-Donald Tramp görüşü hazırda dünyada hər kəs tərəfindən maraqla gözlənilir. Əlbəttə, biri superdövlət, digəri isə hərbi-sənaye və müdafiə imkanları baxımdan çox güclü olan iki dövlətin rəhbərinin görüşündən təbii heç nə ola bilməz.

Bunu ABŞ və Rusiya prezidentlərinin iyulun 16-da Helsinkidə keçiriləcək görüşündən gözləntilərini Teleqraf.com-la bölüşən Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.

O qeyd edib ki, D.Tramp indiyədək ABŞ-ın ənənəvi xarici siyasət kursuna sürpriz dəyişiklik etməklə məşğuldur:

“Obamanın xarici siyasəti ilə müqayisə etdikdə Tramp demək olar 180 dərəcə fərq nümayiş etdirir. Trampın sələfinin xarici siyasəti əsasən ABŞ-ın ənənəvi müttəfiq və şər ittifaqı kateqoriyası üzrə həyata keçirilirdi. Lakin Tramp prezident seçildikdən sonra istər Yaxın, istərsə də Uzaq Şərqdə ABŞ ənənəvi xarici siyasətindən vaz keçərək, yeni kurs mənimsədi. Tramp Vaşinqtonun ənənəvi müttəfiqləri sayılan Kanada və Avropa İttifaqından idxal olunan məhsullara yüksək məbləğdə gömrük rüsumu tətbiq edərək hər kəsi təəccübləndirdi.

Bu, azmış kimi həm ABŞ-ın, həm də müttəfiqlərinin “ortaq düşməni” hesab olunan Rusiyaya barışıq əli uzatdı. Halbuki müttəfiqi olan Avropa İttifaqının aparıcı ölkələri Rusiyaya qarşı sanksiyalara ABŞ-ın tələbi ilə qoşulmuşdular”.

R.Məmmədova bildirib ki, Tramp-Putin görüşü istər Suriya, istərsə də Ukrayna böhranının nizamlanması baxımından böyük əhəmiyyət daşıyır:

“Bu görüşün ciddi nəticələrinin olacağı şübhəsizdir. Belə ki, bu görüşün ardınca Angela Merkel və Emmanuel Makron da Putinlə barışıq elan edə bilər. Çünki Avropa İttifaqının aparıcı dövlətləri ABŞ-ın müttəfiqləri kimi Rusiya ilə münasibətlərdə məsafə saxlayırlar.

Trampın fərqli xarici siyasətini yarıtmaz sayanlar da çoxdur. Məsələn, ABŞ-la müttəfiq olan Böyük Britaniya Putin-Tramp görüşündən ciddi narahat olduğunu ifadə edib. Londona görə, Tramp Putinə barışıq təklifi etməklə ABŞ-ın dostlarının təhlükəsizliyini nəzər almır və bunlar “ölçülməmiş addımlardır”. Bütün bunlara baxmayaraq, Tramp Putinlə görüşməkdə israrlıdır, hətta görüşün yeri və vaxtı da razılaşdırılıb”.

Müsahibimiz əlavə edib ki, Rusiya-ABŞ münasibətlərinin hələ də pis olaraq qalmasının başlıca səbəblərindən biri D.Trampa olan müqavimətdir:

“ABŞ-da bir çoxları Trampın xalqın səsi ilə yox, Putinin manipulyasiyası yolu ilə seçildiyini düşünür. Bu istiqamətdə məhkəmə istintaqı hələ də davam edir. Rusiya isə onlara tətbiq olunan iqtisadi sanksiyaların bitməsini istəyir. Elə bu günlərdə Moskvada Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla görüş zamanı da Putin ikitərəfli münasibətlərin düzələcəyinə ümid etdiyini bəyan edib.

Putinin bu açıqlaması Rusiyanın münasibətlərdəki soyuqluğun başa çatmasında qərarlı olduğunu göstərir”.

R.Məmmədova hesab edir ki, müttəfiqlərin bəziləri Trampın bu addımını bəyənməyəcək, bəziləri – Rusiya ilə geniş iqtisadi əlaqələrə malik Almaniya və Fransa kimi ölkələr isə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan uzaqlaşaraq yenidən əlaqələri bərpa etməyə çalışacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər