Polyak əsilli SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) kəşfiyyatçısı, polkovnik Dmitri Fedoroviç təqaüdə çıxdıqdan sonra, 65 yaşında ABŞ-a düz 25 il casusluq etdiyi məlum olub. Onun öz dövlətinə qarşı satqınlıq etməsinin səbəbi oğlu olub. Daha doğrusu, ağır xəstəlikdən əziyyət çəkən oğlunun sağalması üçün canını fəda etdiyi dövlətin heç bir köməklik göstərməməsi...
Teleqraf.com bu məşhur kəşfiyyatçının dosyesini təqdim edir.
Polkovnik Dmitri Fedoroviçin uşaqlığı haqqında çox az informasiya var. O, Ukraynada doğulub, atası mühəndis olub. Dmitri Fedoroviç məktəbi bitirdikdən sonra Artilerriya Məktəbinə daxil olub, 1941-ci ildə müharibəyə göndərilib. Qərb cəbhəsində vuruşub. 1943-cü ildə topçu kəşfiyyat zabiti kimi təltif edilib. Uğurlu hərbi əməliyyatlar və qüsursuz xidmətlərinə görə çoxlu medal və diplomlar alıb. Müharibədən sonra QRU-nun kursunu bitirərək özünü kəşfiyyatda sınamağa başlayıb.
İlk dəfə Sovet İttifaqının agenti olaraq SSRİ-nin BMT-dəki nümayəndəliyində işləmək məqsədilə Nyu-Yorka ezam edilib. Əsas vəzifəsi ABŞ-da QRU üçün casusluq edən şəxslərin müəyyən edilməsi və onların yetişdirilməsi olub. Nyu-Yorkda onun insanlarla ilk təmasları uğurlu alınıb. 1959-cu ildə BMT-nin hərbi qərargahının əməkdaşı simasında ikinci dəfə Amerikaya göndərilib. İkinci səfəri zamanı Fedoroviçin hərbi zəkası üzə çıxıb. Sovet agenti işini mükəmməl şəkildə yerinə yetirib, təlimata uyğun işləyərək lazımı informasiyalar əldə edib. O eyni zamanda QRU-nun ABŞ-dakı “izlərinin” fəaliyyətini koordinasiya edib. 1961-ci ilə qədər polkovnik Nyu-Yorkda bu vəzifəsini layiqincə yerinə yetirib. Bu dövrdə onun oğlu virusa yoluxub. Kəşfiyyatçıya oğlunu xilas etmək üçün bahalı əməliyyata ehtiyac olduğu deyilib. Lakin bunun üçün SSRİ-nin müvafiq strukturları ona heç bir maliyyə dəstəyi göstərmir. Onun müraciət etdiyi təşkilat isə bu istəyini rədd edir. Oğlu bu virusa görə dünyasını dəyişir. Beləcə SSRİ-nin hərbi kəşfiyyatının mütəxəssisi xidmət etdiyi dövlətin ona ögey münasibət göstərdiyini hiss edir.
Amerikalı kəşfiyyatçıların isə yuxusuna girməzdi ki, faşizmə qarşı vuruşan, böyük xidmətlər göstərən, Stalin ideyalarına son dərəcə bağlı olan bir sovet kəşfiyyatçısının özü onlara xidmətini təklif edə bilər. Ancaq bu mümkün idi. Çünki oğlunun vəfatından sonra polkovnik Dmitri Fedoroviç ölkəsinin gələcəyi, yaşam şərtləri, siyasətçilərin oyunları üzündən Stalin ideyalarına, SSRİ-nin bütün millətləri xoşbəxt edəcəyi ideologiyasına inamını itirmişdi.
Dövlətinə inamını itirmiş sovet hərbi kəşfiyyatçısı yüksək rütbəli amerikalı kəşfiyyatçı ilə görüşərək ona xidmətlərini təklif edir.
Dmitri Fedoroviç Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı ilə QRU və KQB-nin xainləri ilə əlaqə qurur. ABŞ-a qarşı SSRİ-yə casusluq edən kod adı “Tophet” olan şəxsi ələ verməklə dediklərində səmimi olduğunu amerikalılara sübut edir.
1962-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru prezident Kennediyə bu barədə raport edir. Bundan sonra Fedoroviç MKİ üçün işləməyə başlayır. MKİ belə qüsursuz köstəbəyə sonradan “almaz” ləqəbi verir.
Polkovnik beləcə, düz 25 il Amerika kəşfiyyatı üçün işləyir. O, bu dövrdə ABŞ kəşfiyyatına 25 qutu sənəd və qeydlər, habelə fotolar göndərir.
Fedoroviçin sayəsində ABŞ-dakı sovet casusları bir-bir aradan götürüldü. Polkovnik casusluğu ilə öz ölkəsi olan SSRİ-yə 100 milyonlarla dollar ziyan vurdu. O, SSRİ-nin məxfi silahları haqqında ABŞ-a informasiyalar ötürdü. Beləcə prezident Reyqan SSRİ-nin aldığı və həyata keçirdiyi hərbi texnologiyanı yaxından izləməyə başladı. Onun informasiyaları əsasında SSRİ-nin 19, ABŞ-ın 7 və QRU-nun bir neçə əməkdaşı məhv edildi.
İşlədiyi dövrdə polkovnik Dmitri Fedoroviç ABŞ üçün casusluq etməyi bacaran az saylı agentlərdən biri olmağı bacardı. 1961-ci ildən sonra faktiki olaraq MKİ və FTB üçün işlədi. Təqaüdə çıxdıqdan sonra da casusluğunu dayandırmadı. Kommunist Partiyasının katibi olaraq ABŞ-a işləməkdə davam etdi. SSRİ-nin ABŞ-dakı agentlərinin şəxsi informasiyalarını əldə etməyi bacardı və bunu könüllü olaraq Vaşinqtona təqdim etdi. 1974-cü ildə SSRİ kəşfiyyat rəsmisini ələ almaqla polkovnik məxfi informasiyalara, diplomatik əlaqələrə, hökumətin təşkili və planları haqqında məlumatlara çıxış əldə edə bildi.
Sovet hərbi kəşfiyyatı polkovnik Dmitri Fedoroviçdən ilk dədə 1978-ci ildə şübhələnməyə başladı. Lakin general İzotov onun əməkdaşından şübhəni ciddiyə almadı. Beləcə polkovnik Dmitri Fedoroviçin məsələsi araşdırılmadı. Təcrübəli polkovnik Moskvaya yerləşdikdən sonra əməkdaşlığını davam etdirmək üçün MKİ ilə anlaşdı.
Lakin SSRİ kəşfiyyatı da bu illərdə boş oturmurdu. SSRİ kəşfiyyatı ABŞ məxfi xidmətində çalışan köstəbəyi vasitəsilə polkovnik Dmitri Fedoroviçin xain və satqın olduğunu müəyyən edə bildi. Bu informasiyanı ruslara Airic Ames ötürdü. SSRİ hərbi kəşfiyyatı şok duruma düşdü. Belə bir yüksək rütbəli bir xain olduğu heç vaxt ortaya çıxmamışdı. 1986-cı ildə polkovnik Dmitri Fedoroviç həbs edildi. Onun mülklərinə əl qoyulması, özünün güllələnməsi haqqında məhkəmə qərarı isə 1988-ci ildə verildi.