ABŞ-ın Nyu-York şəhərində 2009-cu il iyulun 5-də Şərqi Türküstanda Çin rejimi tərəfindən törədilmiş qətliamla əlaqədar etiraz aksiyası keçirilib. Aksiya Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) tərəfindən təşkil edilib.
Bu barədə Teleqraf.com-a TASFO başqanı Fatih Özonur məlumat verib.
F.Özonur qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisi qarşısında keçirilən aksiyada 9 il əvvəl Şərqi Türküstanın Urumçi şəhərində uyğur türklərinə qarşı keçirilmiş qətliam pislənilib. Təşkilatçılar və etirazçılar BMT ilə yanaşı, digər beynəlxalq təşkilatlardan da, qətliama hüquqi qiymətin verilməsini tələb ediblər.
TASFO ilə yanaşı, Gənc Türklər Dərnəyi (Young Turks), Ay-Ulduz Dərnəyi, Amerika-Türküstan Dərnəyi, A Komandası və Dünya Uyğurları Konqresi tərəfindən təşkil edilən aksiyada Çinin siyasi hakimiyyətinin əleyhinə pankartlar açılıb.
Aksiyada səsləndirilən bəyanatda Çin rejiminin uzun illərdir Şərqi Türküstanda yaşayan müsəlman uyğurlara qarşı assimiliyasiya və zorakılıq siyasəti həyata keçirdiyi diqqətə çatdırlıb. Çində etnik və dini zəmində assimiliyasiya siyasətinin davam etdirildiyi diqqətə çatdırlan aksiyada bildirilib ki, dünyanın gözü qarşısında baş verən qətliamlara hüquqi qiymət verilmir.
1 saat davam edən etiraz aksiyasında Amerikada yaşayan uyğurlar Azərbaycan bayrağını da qaldırıblar.