İran parlamentində Güney Azərbaycanı təmsil edən millət vəkilləri Rza Kərimi və Südeyif Bədri bölgədə işsizlik səviyyəsinin azaldılması üçün ayrılan maddi vəsaitlər barədə həqiqəti əks etdirməyən statistika hazırlandığını bildiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İSNA-ya danışan Rza Kərimi açıqlanan statistik məlumatların mənbəyinin dəqiq məlum olmadığını deyib.
“Kəndlərdə məşğulluğun artırılması və bu istiqamətdə görülən işlər üçün verilən kreditlərlə bağlı yayılan statistik məlumatlar həqiqəti əks etdirmir. Buna görə də, İctimai Rifah, Əmək və Kooperasiya İdarəsi bu məsələyə yenidən baxmalıdır.
Ümumiyyətlə, son 4 ildə əyalətdə məşğulluq səviyyəsi ilə bağlı açıqlanan rəqəmlər həqiqəti əks etdirmir. Hesab edirəm ki, bu sahədə məlumatlar reallığa uyğun şəkildə hazırlanmalıdır”,- o bildirib.
Millət vəkili Ərdəbil şəhərində iş yerlərinin açılması üçün kreditin ayrılmadığını deyib. O qeyd edib ki, banklar bölgədə yaşayan sakinlərə kredit vermir.
Millət vəkili Südeyif Bədri də qeyd edib ki, dövlət rəsmilərinin işsizlik səviyyəsinin aşağı düşməsi ilə bağlı rəsmi açıqlamaları reallığı əks etdirmir: “Bunlar quraşdırılmış rəqəmlərə oxşayır. Çünki bölgədə məşğulluqla bağlı heç bir müsbət dəyişiklik hiss olunmur”.
Südeyif Bədri Ərdəbildə iqtisadi və ictimai vəziyyətin yaxşı olmadığını dilə gətirib.