Rusiya və NATO arasında MDB məkanında hərbi qarşıdurma baş verməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi, keçmiş müdafiə naziri Sergey İvanov deyib.
“MDB-nin geosiyasi məkanında qarşıdurmaya getmək axmaqlıq olardı. Bu məkanda bunun perspektivini görmürəm. Ümid edirəm ki, bu, heç vaxt baş verməyəcək”, - deyə İvanov bildirib.
Rusiyalı diplomat NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına da diqqət çəkib:
“NATO-dan olanlar tez-tez Rusiyanın aqressiv olduğunu, təcavüzkar siyasət yürütdüyünü deyirlər. Amma NATO-nun Baltikyanı və digər bölgələrdəki fəallığını yaddan çıxarırlar. Bu vəziyyətdə Rusiyanın cavab həmlələri etməsi anlaşılandır. Əlbəttə, NATO-nun Polşa və Rumıniyada ABMÇ sistemləri yerləşdirməsi də təhlükəlidir. Bu, hərbi qarşıdurma riskini yüksəldir və biz də bunun qarşısını almaq üçün lazım olan addımları atırıq”.
Sergey İvanov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin NATO-ya üzv olmaq ehtimalı haqda deyib: “Onlar müstəqil dövlətlərdir, əgər onların bəziləri NATO-ya qoşulmaq istəyirsə, onların seçiminə hörmət edilməlidir. Lakin bu çox pis haldır ki, belə məlumatlar yayılan kimi bizim haqda deyirlər ki, Rusiya həmin dövlətlərə müdaxilə edəcək”.
Qeyd edək ki, NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsi Rusiyanın kəskin etirazına səbəb olub.
Rusiyanın Baş naziri Dmitri Medvedyev NATO-nun Rusiya yaxınlığında hərbi fəaliyyətlərinin müharibəyə səbəb ola biləcəyini bildirib.