12 Avqust 2018 09:05
2 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bir çox məsələdə Türkiyənin fikir yürütmək haqqını tanımağa hazır deyil.

Axar.az xəbər verir ki, bunu “Rusiya Todey”kanalına açıqlamasında Rusiya Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter söyləyib. O, ABŞ Prezidenti Donald Trampın Türkiyədən idxal edilən alüminium və poladın gömrük vergisinin artırılması qərarının iki ölkə arsındakı vəziyyəti gərginləşdirəcəyini deyib:

“ABŞ şübhəsiz, Türkiyəni Suriyadakı müttəfiqi kimi görür, ancaq ehtimal ki, indi vəziyyət bir qədər dəyişib. Türkiyə ən azından Suriyadakı bütün məsələlərlə bağlı fikir sahibi olduğu üçün ABŞ-ın strateji ortağı deyil. Bu səbəbdən Türkiyə hazırda ABŞ-dan uzaqlaşıb. ABŞ Türkiyənin daha da uzaqlaşmasından qorxaraq əsas məsələlərdə razılaşmaq üçün bir sıra yollar tapmağa çalışacaq”.

Trampın uzun müddət Ankaraya güzəşt etməyəcəyini deyən ekspert Vaşinqtonun aktual məsələlərdə müzakirələrdən imtina etməyəcəyindən əmin olduğunu söyləyib:

“ABŞ Türkiyənin Vaşinqtonun təsir dairəsindən sürətlə uzaqlaşmaması üçün bunu etməyə məcbur olacaq”.

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun üzvü Vladimir Vasilyev isə Vaşinqtonun Ankaraya qarşı bu siyasətinin səbəblərindən birinin Türkiyənin Rusiyadan S-400 müdafiə sistemi alması olduğunu deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul hərbi çevriliş cəhdindən sonra ABŞ-a inamını itirdiyini, Tramp rəhbərliyinin isə iki ölkə arasındakı münasibətləri düzəltmədiyini bildirib:

“Bu vəziyyət Ərdoğanın ümumi siyasətində Qərb sektorundan uzaqlaşmasından qaynaqlana bilər. Bəlkə də Ərdoğan Qərbin birbaşa Türkiyəni dəstəkləməyə hazır olduğuna inanmır. Nə ABŞ, nə də Qərbi Avropa onu Türkiyə lideri kimi görmək istəyir. Böyük ehtimalla, gələcəkdə də belə davam edəcək”.

Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemləri Araşdırma Mərkəzinin eksperti Konstantin Bloxin Trampın qərarlarının iki ölkə arasındakı böhranı daha da dərinləşdirdiyini deyib:

“ABŞ-ın bu mövqeyi Vaşinqtonun siyasətini qəbul etməyən bütün dövlətlər arasında əməkdaşlığı daha da gücləndirəcək. Rusiya, Çin və İran arasında əməkdaşlığın hansı formada güclənəcəyini görürük. Türkiyənin də bu birliyə qoşulacağını düşünürəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər