9 Sentyabr 2018 18:40
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Xoy şəhərində (Qərbi Azərbaycan əyaləti) yeniyetmə kunq-fuçunun bədən üzvləri ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəstələrə bağışlanıb.

Teleqraf.com xəbər verir ki, ötən həftə keçirilən “Günəbaxan festivalı” mərasimində Məhəmməd İlati səhnə hərəkətləri nümayiş etdirdiyi zaman baş nahiyəsindən ağır zədə alıb.

Xoydakı Qəmər Bəni Haşim Xəstəxanasının həkimləri aldığı travmadan komaya düşən idmançının həyata qaytarılmasının mümkün olmadığını bildirincə, ailəsi onun bədən üzvlərinin ehtiyacı olan xəstələrə köçürülməsinə icazə verib.

Qərbi Azərbaycan Döyüş İdmanları Heyətinin rəisi Yusif Bidardel “İrna” agentliyinə deyib:

“Xoy şəhərinin “Millət” parkında kunq-fu, taekvondo və uşu üzrə idmançıların qatıldığı mərasimdə 16 yaşlı Məhəmməd İlati səhnə hərəkətləri nümayiş etdirdiyi zaman yerə dəyərək baş nahiyəsindən ağır zədə aldı. Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq İlatinin sağalmasına heç bir ümid olmadığı məlum oldu. Bundan sonra idmançının ailəsi çox önəmli bir qərar verdi. Onların humanist addımı bir neçə insanı yenidən həyata qaytardı”.

Qeyd olunur ki, M.İlati baş verən bədbəxt hadisədən bir gün əvvəl Qərbi Azərbaycan çempionatında 48 kq çəki dərəcəsində birinci yeri tutaraq qızıl medala layiq görülüb. O, ötən illərdə ölkə və əyalət üzrə keçirilən müxtəlif yarışlarda böyük uğurlara imza atıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər